“Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Məncə, burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır”.
Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:

“Sadə bir misal. 500 manat pensiya alan şəxsin pensiyası 10 faiz artırıldıqda artım 50 manat olur, 2000 manat pensiya alan şəxsdə isə artım 200 manat olur. 500 manat alan şəxs 550 manat, 2000 alan isə 2200 manat alır. Deməli, indeksasiyadan əvvəl bu iki pensiya arasında 1500 manat fərq var idisə, eyni faizlə artımdan sonra fərq 1650 manata çatır, yəni çox alanın nominal artımı daha çox artır və bu faiz kontekstində təbiidir.
Diferensial indeksasiya tətbiq olunanda isə artım sürəti dəyişir. Tutaq ki, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya isə 10%-dir. Bu halda 2000 manat pensiyanın 1200 manatlıq hissəsi 10% artır və 1320 manat olur. Qalan 800 manatlıq hissəyə 0,5 əmsalı tətbiq edilərsə, həmin hissə 5% artır və 840 manat olur. Nəticədə 2000 manat pensiya 2200 manata yox, 2160 manata yüksəlir.
Yəni fərq yenə artır. Amma əvvəlki kimi 150 manat deyil, 110 manat artır. Diferensial indeksasiyanın əsas məntiqi də budur. Aşağı pensiya alanın artım faizini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə böyüməsini zəiflətmək.
Bu proses hər il təkrarlandıqca nominal fərq də böyüyür. Halbuki aşağı pensiya alan şəxsin gəlirində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı daha yüksək olur.
Bu baxımdan diferensial indeksasiyanın iqtisadi və sosial məntiqi var. Aşağı və orta pensiyaların indeksasiyasını tam saxlamaq, daha yüksək pensiyalarda isə müəyyən həddən sonrakı hissəyə fərqli yanaşmaq gəlir fərqinin yalnız indeksasiya hesabına sürətlə genişlənməsini zəiflədə bilər.
Bu yanaşma pensiya sisteminin maliyyə yükünü də müəyyən qədər azalda bilər. Eyni zamanda yaranan əlavə maliyyə imkanları gələcəkdə aşağı və orta məbləğdə pensiyaların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər.
Amma məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ da qorunmalıdır. Ona görə ən düzgün yanaşma aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulmasıdır”.
Günay










