Bu gün Əməkdar jurnalist Elçin Şıxlının doğum günüdür.
Gununsesi.info bu münasibətlə Rauf Mirqədirovun təbrik mətnini təqdim edir:
“Elçin, əzizim! Doğum günün mübarək!
Bu gün birgə həyat yolu tarixçəmizdən bəzi məqamlar yadıma düşdü…
Həbs ediləndən sonra səni ilk dəfə məhkəmə prosesimdə şahid qismində dindiriləndə gördüm. Həmin gündən yaddaşımda qalan sənin dediklərin deyil. Çünki əmin idim ki, özünü ləyaqətlə aparacaqsan. Necə ki, apardın. Başqa cür ola da bilməzdi.
Yaddaşıma həkk olunan sənin əlindəki çəlik oldu. Səni – həmişə şax, qamətli, məğrur gördüyüm Elçini əlində çəliklə görmək mənim üçün çox ağır idi. O görüntü içimdə dəhşətli bir ağrıya çevrildi…
Yaddaşıma həkk olunan daha bir hadisə var.
Səhv etmirəmsə, 2005-ci il parlament seçkiləri ərəfəsi idi. Bir gün qəzetimizin bir neçə aparıcı əməkdaşını toplantıya yığdın. Aralarında mən də vardım.
Dedin ki, mətbuatımızın taleyi tapşırılmış yüksək vəzifəli məmurlardan biri qəzeti ona satmağı təklif edir. Həmin məmurun adını yalnız ona görə çəkmirəm ki, artıq vəzifədə deyil. Gərək olmayan yerdə yıxılanı baltalayanlardan deyiləm. Üstəlik, bu söhbətin qəhrəmanı da həmin məmur deyil.
Bu söhbətin qəhrəmanı Elçindir…
İndi yadımda deyil kim, bəlkə də elə mən özüm dedim:
“Qəzetin sahibi sənsən. İstədiyini edə bilərsən”.
Amma məlum oldu ki, həmin məmur yalnız qəzeti deyil, bütün redaksiya heyətini də, ruslar demişkən, “optom” almaq istəyir. Yəni hamımız yerimizdə qalmalı, sadəcə bundan sonra onun qarşısında “müntəzir” dayanmalıydıq.
Hər birimiz öz fikrimizi bildirdik. Heç kim qəzet əldən gedəcəyi təqdirdə orada qalıb işləmək fikrində deyildi.
Sən bütün bu bir qədər emosional çıxışları sakitcə dinlədin. Sonra, heç bir pafos olmadan, çox sakit səslə dedin:
“Mənim onsuz da qəzeti satmaq fikrim yox idi. Amma yenə də sizin fikrinizi bilmək istəyirdim. İndi isə gedin növbəti nömrəni çapa hazırlayın!”
Bu, həyatımda özümüzlə, bizimlə və xüsusilə də səninlə ən çox qürur duyduğum günlərdən biridir…
Həmişə mübahisə etdiyim bir müsavatçı tanışım bir dəfə, heç gözləmədiyim halda, söhbətlərimizin birində mənə dedi:
“Mən səninlə bir çox məsələlərdə razı deyiləm. Amma həqiqət budur ki, bir vaxt gələcək, Azərbaycan mətbuatının həqiqi tarixi yazılanda orada Rauf Mirqədirovun xüsusi yeri olacaq”.
Mən isə deyərdim ki, həmin həqiqi tarix yazılanda orada “Ayna-Zerkalo”nun xüsusi yeri olacaq.
Bu tarixdə qəzetimizin digər aparıcı yazarlarının — Azər Rəşidoğlunun, Emin Mahmudovun, rəhmətlik İbrahim Bayandurlunun, Mətin Yaşaroğlunun və digərlərinin də xüsusi yeri olacaq.
Sənin — Elçin Şıxlının — yeri isə daha parlaq olacaq.
Təkcə ona görə yox ki, bu şanlı tarixi BİZLƏR birlikdə yazmışıq.
Ən əsası ona görə ki, əgər sən olmasaydın, redaktorumuz kimi sənin inamın, iradən və prinsipiallığın olmasaydı, o tarixin bəzi səhifələri, bəlkə də, heç yazılmayacaqdı.
Boş qalacaqdı…
Çünki bütün hallarda son söz sənin idi. Son qərarı sən verirdin. Və həmin qərarın məsuliyyətini də sən daşıyırdın.
“Ayna-Zerkalo”muzu almağa cəhd göstərən, 2000-ci illərin əvvəllərində mətbuatımızın taleyi tapşırılmış o dövlət məmurunun adını isə hamı unudacaq. Əslində, artıq unudublar. Onu yada salan belə yoxdur…
Amma “Ayna-Zerkalo” qalacaq.
Onun yazdığı tarix qalacaq.
O tarixi yazan insanlar qalacaq.
Və həmin tarixin ən parlaq səhifələrində sənin adın qalacaq, Elçin.
Doğum günün mübarək, əzizim!
4 oktyabr 2026-cı il, Sürix











