Ev sahibi kirayə haqqını istədiyi vaxt artıra bilərmi? - Hüquqşünasdan açıqlama

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 20:32

Kirayə mənzillərdə yaşayan vətəndaşları maraqlandıran məsələlərdən biri də ev sahibinin kirayə haqqını müqavilənin qüvvədə olduğu müddətdə birtərəfli qaydada artırıb-artıra bilməməsidir.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, burada əsas məsələ tərəflər arasında bağlanmış müqavilənin şərtləridir.

Onun sözlərinə görə, icarə münasibətlərində əsas sənəd müqavilədir və icarə haqqının məbləği, ödənilmə qaydası və digər şərtlər həmin müqavilədə müəyyənləşdirilir.

Qanunvericilik də icarə müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi məsələsində müqavilə şərtlərinin əhəmiyyətini nəzərdə tutur.

Şamil Paşayev qeyd edib ki, müqavilədə kirayə haqqının müəyyən müddətdən sonra və ya müəyyən şərtlərlə dəyişdirilməsi nəzərdə tutulubsa, tərəflər həmin şərtlərə uyğun hərəkət etməlidirlər.

Əks halda, müqavilədə müəyyən edilmiş kirayə haqqının ev sahibi tərəfindən sadəcə öz istəyi ilə, məsələn, “gələn aydan kirayə 300 manat yox, 400 manat olacaq” formasında dəyişdirilməsi hüquqi mübahisəyə səbəb ola bilər.

Hüquqşünas eyni zamanda vurğulayıb ki, icarə münasibətlərində tərəflərin hüquq və öhdəliklərinin əvvəlcədən yazılı şəkildə müəyyənləşdirilməsi həm ev sahibini, həm də kirayəçini sonradan yarana biləcək mübahisələrdən qoruyur.

Qeyd edək ki, “İcarə haqqında” qanuna əsasən, icarə müqaviləsində icarə haqqının məbləği və ödənilməsi qaydası göstərilməlidir. Qanunvericilikdə müəyyən hallarda icarə məbləğinin dəyişdirilməsinin tələb edilə biləcəyi də nəzərdə tutulur.

Orxan
Gununsesi.info