Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Azərbaycana cəsusluq edib? - Azərbaycan tərəfi açıqlama verdi

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 10:44

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq ətrafında aparılan istintaqda Azərbaycanla bağlı diqqətçəkən məqam ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, Almaniyanın “BILD” nəşri “Spiegel”in araşdırmasına istinadən yazır ki, keçmiş kəşfiyyat rəhbəri Azərbaycan kəşfiyyatı üçün analiz hazırlamış ola bilər.

İstintaqçılar məxfi məlumatların ötürülüb-ötürülmədiyini araşdırırlar.

“Spiegel”in məlumatına görə, casusluq şübhəsi ilə saxlanılan keçmiş BND rəhbəri Avqust Hanninqin Azərbaycan kəşfiyyatı ilə mümkün əlaqələrinə dair əlamətlər vardır.

Nəşr yazır ki, istintaqçılar Hanninqin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqədə olması ehtimalını araşdırırlar.

Almaniya Federal Baş Prokurorluğu 80 yaşlı Hanninqi keçmiş büro rəhbəri Manfred D. vasitəsilə məxfi BND sənədləri əldə etməkdə ittiham edir.

İstintaqçıların məlumatına görə, Hanninq bu sənədlərdən xarici kəşfiyyat xidmətinin əməkdaşı üçün nəzərdə tutulan analiz hazırlamaq məqsədilə istifadə edib.

Sənədin həqiqətən ötürülüb-ötürülmədiyi davam edən istintaqın predmetidir.

Sözügedən məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi də məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir:

“Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur. Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır. Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır”, – deyə qeyd edilib.