Pensiyadan kənarda qalan 180 min vətəndaş: 220 manat nəyə çatır?

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 11:10

Rəsmi statistikaya görə, 2026-cı ilin sentyabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 179 525 nəfərə çatıb. Bu rəqəm ölkədə 65 yaşına çatmış şəxslərin təxminən üçdə birinin əmək pensiyası ala bilmədiyini göstərir.

Maraqlıdır ki, bu şəxslərin 59,6%-ni qadınlar, 40,4%-ni isə kişilər təşkil edir. Qadınların üstünlük təşkil etməsi onların həm uzunömürlülüyü, həm də əmək bazarında rəsmi staj toplamaqda üzləşdikləri çətinliklərlə bağlıdır.

Bəs insanlar niyə əmək pensiyasından kənarda qalırlar?

Tələb olunan minimum sığorta stajının çatmaması;

Fərdi hesabda toplanan pensiya kapitalının az olması;

Uzun illər qeyri-rəsmi (müqaviləsiz) çalışmaq məcburiyyətində qalanlar.

Bəs 220 manatlıq müavinət nəyə bəs edir?
Hazırda yaşa görə verilən sosial müavinət 220 manat təşkil edir. Müqayisə üçün: ölkə üzrə yaşayış minimumu 300 manat, pensiyaçılar üçün isə 245 manatdır. Yəni bu müavinət pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumunun cəmi 90%-ə yaxınını təşkil edir.

Ömür boyu müəyyən qədər sosial sığorta ödəmiş, lakin stajı çatmadığı üçün pensiya ala bilməyənlərin hesablarındakı vəsait isə DSMF-nin ehtiyatlarında qalır, vətəndaşlara isə sabit baza müavinəti ödənilir.

Elçin Rüstəmli
Gununsesi.info