Azərbaycanda kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə üçün ayrı-ayrı sahələrin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə “torpaqların konsolidasiyası” kimi təqdim olunan proses sahələrin birləşdirilməsini, bölünməsini, sərhədlərinin yenidən müəyyən edilməsini, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsini əhatə edir.
Bu proses nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi nəzərdə tutulur. Layihədə dövlət torpağının xüsusi mülkiyyətdəki torpaqla dəyişdirilməsinə dair qanunvericilikdə müəyyən edilmiş hallar üçün ayrıca istisna da göstərilir.
Ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklər həyata keçirilə bilər.
Layihədə torpaqların kiçik hissələrlə istifadəsinin azaldılması və birgə istifadənin təşviqi də yer alır. Bunun üçün konsolidasiya ilə yanaşı, kooperativləşmə və qonşu sahələrdə eyni bitkinin eyni aqrotexniki tələblərlə becərilməsini nəzərdə tutan vahid əkin üsulu göstərilir.











