Natiq Cəfərli korrupsiya ilə bağlı qanun layihəsini tənqid edib

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 12:03

İqtisadçı Natiq Cəfərli “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin bəzi müddəalarını tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli yayılan məlumatlarda ciddi uyğunsuzluqlar və məntiqsizliklər gördüyünü bildirib.

Onun fikrincə, normal və müstəqil məhkəmə sistemi olan ölkədə belə bir qanuna ehtiyac minimuma enməlidir.

“Birincisi, normal məhkəmə sistemi olan ölkədə belə bir qanuna ehtiyac yaranmaz. İkincisi, korrupsiyanın təsnifatı mücərrəddir”, – deyə Cəfərli qeyd edib.

Ekspert Azərbaycanda məişət korrupsiyasının əvvəlki dövrlərlə müqayisədə azaldığını, bu baxımdan “ASAN xidmət” modelinin mühüm rol oynadığını vurğulayıb.

O, bəzi hallarda qeyri-rəsmi ödənişin vətəndaşın öz marağında ola bildiyini də qeyd edib.

Cəfərli büdcə korrupsiyası ilə bağlı hallarda isə adi vətəndaşın məlumat və sübut əldə etmək imkanlarının məhdud olduğunu düşünür.

“Büdcə korrupsiyası haqqında adi vətəndaşın məlumatı yoxdur, sübutu yoxdur. Deməli, bu qanun sadəcə qisasçılığa, iş yerlərində intriqanın yaranmasına və qruplaşmalara səbəb olacaq”, – deyə o yazıb.

Ekspert qanun layihəsində korrupsiya barədə məlumatın ilk növbədə təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yaxud yuxarı vəzifəli şəxsə təqdim edilməsinin nəzərdə tutulmasına xüsusi diqqət çəkib.

Onun fikrincə, bu mexanizm maraqlar toqquşması və iş yerində qarşıdurma yarada bilər:

“Yəni A dövlət-hökumət qurumunda və ya şirkətində işləyən, tutalım, B kod adlı şəxs hansısa korrupsiya əməlindən şübhələnir. Nə etməlidir? Bəli, gedib onu həmin təşkilatda yuxarı vəzifəli şəxsə deməlidir. Yaxşı, həmin təşkilatda yuxarı vəzifəli şəxsin bilgisi daxilində olmayan korrupsiya əməli ola bilərmi? Çətin, nadir hallarda”.

Cəfərli hesab edir ki, qanun qəbul ediləcəyi təqdirdə iş yerlərində ciddi konfliktlər yarana və nəticədə məlumat verən şəxsin özü problemlə üzləşə bilər.

O, korrupsiyanın sübutların toplanmasını tələb edən cinayət növü olduğunu da vurğulayıb.

Ekspertin fikrincə, adi vətəndaşın korrupsiya faktına dair sübut toplamaq imkanları məhduddur və bu imkan əsasən həmin təşkilatda imza və ya səlahiyyət sahibi olan şəxslərdə olur.

“Bəs o nə zaman şikayət edə bilər? Bəli, onun payına nəsə düşməsə! Deməli, bu qanun layihəsi tam tərsinə, korrupsiyada maraqlı olanların dairəsini genişləndirəcək”, – deyə Natiq Cəfərli bildirib.

Ekspert hesab edir ki, korrupsiya ilə mübarizədə əsas hədəf müstəqil və sürətli fəaliyyət göstərən məhkəmə sisteminin formalaşdırılması olmalıdır.

“Ədalətli məhkəmə sistemi bu məsələni ‘donosbazlarsız’ da çözə bilər. Əsas hədəfimiz müstəqil məhkəmə sistemi olmalıdır. Bir çox məsələlər də o zaman həllini tapacaq”, – deyə Cəfərli vurğulayıb.

Elmar
Gununsesi.info