Maşın alarkən sonradan gizli qüsur aşkarlanarsa, satıcı məsuliyyət daşıyırmı?

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 12:07

Avtomobil alarkən sonradan alıcının bilmədiyi texniki nasazlığın və ya digər gizli qüsurun aşkarlanması tərəflər arasında mübahisəyə səbəb ola bilir.

Belə hallarda vətəndaşları əsasən “satıcı avtomobilin əvvəlcədən mövcud olan qüsuruna görə məsuliyyət daşıyırmı?” sualı maraqlandırır.

Gununsesi.info xəbər verir ki, hüquqşünas Şamil Paşayevin sözlərinə görə, burada əsas məsələ avtomobilin hansı vəziyyətdə satılması, qüsurun nə vaxt yaranması və satış zamanı həmin qüsur barədə alıcıya məlumat verilib-verilməməsidir.

Əgər avtomobildə olan qüsur satışdan əvvəl mövcud olubsa və alıcı bu barədə məlumatlandırılmayıbsa, müəyyən hallarda alıcının satıcıdan qüsurun aradan qaldırılmasını, çəkilmiş xərclərin ödənilməsini, qiymətin uyğun şəkildə azaldılmasını və ya qanunvericilikdə nəzərdə tutulan digər tələbləri irəli sürmək hüququ yarana bilər.

Xüsusilə qüsurun avtomobil alındıqdan sonra yaranması ilə onun əvvəlcədən mövcud olması arasında fərq qoyulmalıdır. Məhz buna görə belə mübahisələrdə avtomobilin texniki ekspertizası, servis sənədləri, yazışmalar, müqavilə və digər sübutlar əhəmiyyət daşıya bilər.

Eyni zamanda, avtomobilin satışından əvvəl alıcıya məlum olan və ya müqavilədə açıq şəkildə göstərilən qüsurlar üzrə sonradan tələb irəli sürülməsi məsələsi fərqli qiymətləndirilə bilər.

Mütəxəssislər avtomobil alarkən müqavilənin yazılı şəkildə bağlanmasını, avtomobilin texniki vəziyyətinin sənədlə rəsmiləşdirilməsini və mümkün olduqda müstəqil texniki baxışdan keçirilməsini tövsiyə edirlər. Bu, sonradan avtomobilin vəziyyəti ilə bağlı yaranan mübahisələrdə tərəflərin hüquqlarının müdafiəsini asanlaşdırır.

Orxan

Gununsesi.info