Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması bizim üçün son dərəcə mühüm nəticədir.
Gununsesi.info xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
Türkmənistan Prezidenti qeyd edib ki, dünyada və regionda vəziyyət sürətlə dəyişir, yeni geosiyasi və iqtisadi reallıqlar meydana çıxır. Onun sözlərinə görə, bu proseslər dövlət başçılarının xüsusi diqqətini və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsini tələb edir.
Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, eləcə də humanitar, elmi və təhsil sahələrində formalaşmış potensialdan səmərəli istifadə edilməsi üçün geniş imkanlar mövcuddur.
“Əminəm ki, bu gün qarşımıza həqiqətən genişmiqyaslı strateji məqsədlər qoya bilərik. Ölkələrimizin iqtisadiyyatlarının dinamik inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnoloji səviyyəsinin yüksəldilməsi qarşılıqlı maraqlar və faydalı şərtlər əsasında işgüzar əlaqələrimizi əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir”, – deyə Türkmənistan Prezidenti bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə mühüm logistika və enerji mərkəzləri kimi rolu davamlı olaraq artır.
“Bu, Asiya və Avropadakı tərəfdaşlarımızla əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlər açır”, – deyə dövlət başçısı vurğulayıb.
Sərdar Berdiməhəmmədov ölkələr arasında mənəvi, mədəni və ortaq dəyərlərə əsaslanan yaxınlığın möhkəmləndirilməsinin də prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Türkmənistan Prezidenti bildirib ki, Məşvərət Görüşü çərçivəsində müzakirə olunacaq məsələlər və irəli sürüləcək təkliflər iştirakçı dövlətlərin və xalqların davamlı inkişafına və rifahına xidmət etməlidir.












