Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

  • Müəllif: Orxan
  • 08 Oktyabr 2026 14:41

Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə növbəti təlim toplanışı başlayıb.

Gununsesi.info xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, toplanış 2026-cı ilin hazırlıq planı əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilir.

Hərbi hissəyə qəbul olunan iştirakçılar qeydiyyatdan və həkim müayinəsindən keçib, hərbi geyim və digər zəruri vasitələrlə təmin ediliblər.

Toplanışın başlanması münasibətilə keçirilən mərasimdə bildirilib ki, məqsəd ehtiyatda olanların hərbi hazırlığını və nəzəri biliklərini artırmaq, praktiki vərdişlərini təkmilləşdirməkdir.

Daha sonra iştirakçılara Azərbaycan Ordusunun arsenalındakı müasir silah və texnikalar barədə məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək. Həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıq məşğələləri keçiriləcək.

Gununsesi.info