“Bu simvola bağlılıq bizə nə verəcək?” – Aqşin Yenisey

  • Müəllif: Orxan
  • 08 Oktyabr 2026 16:28

Şair Aqşin Yenisey cəmiyyətdə simvolların manipulyasiya vasitəsinə çevrilməsi barədə fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Aqşin Yenisey Jak Lakana istinad edərək “Simvol şeyin ölümüdür” fikrini xatırladıb.

Onun sözlərinə görə, hər hansı anlayış simvolla ifadə olunmağa başlayanda artıq həmin şeyin özünün yoxluğu və ya funksionallığını itirməsi gündəmə gəlir.

Yenisey hesab edir ki, Azərbaycanda ictimai müzakirələr və manipulyasiyalar çox vaxt məhz simvollar üzərindən aparılır:

“Fikir versəniz, görərsiniz ki, bizim Peykanlıda ictimai küy həmişə simvollar üzərindən manipulyasiya edilir. Çünki simvollaşdırılmış şey istənilən manipulyasiyaya açıqdır”.

Yazıçı nümunə kimi qadının “namusun” və ya “azadlığın” simvoluna çevrilməsini göstərib.

Onun fikrincə, bu halda real qadın deyil, müəyyən məqsədlər üçün yaradılmış simvol ön plana keçir və həmin simvol üzərindən mövcud qadınların davranışlarına təsir göstərmək mümkün olur.

Yenisey müqəddəslik anlayışının da simvollaşdırılaraq cəmiyyət üzərində təsir və qorxu vasitəsinə çevrilə biləcəyini vurğulayıb.

“Cibindəki smartfonun beyni iyirmi birinci əsrə, özünün orijinal beyni Orta əsrlərə aid olan insanların dünyası simvolların dünyasıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, belə cəmiyyətlərdə manipulyasiyalar, fırıldaqlar, şəxsi və qrup maraqları simvollar vasitəsilə insanlara qəbul etdirilir.

Aqşin Yenisey hesab edir ki, yazıçı və filosofun əsas vəzifələrindən biri cəmiyyətin, ən azı, öz oxucusunun düşüncəsini təhlükəli simvollardan təmizləməkdir.

Yazıçı sonda cəmiyyətin hər hansı simvola münasibətdə ilk növbədə özünə bir sual verməli olduğunu qeyd edib:

“Bu simvola bağlılıq bizə nə verəcək?”

Yeniseyə görə, bu sualın cavabını həmin simvola bağlı insanların real həyatında və gündəlik yaşayışında görmək mümkündür.