Şəxsi bioqrafiyanın tarixə çevrildiyi yer - Qismət Rüstəmov

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2026 11:57

Böyük tarixi hadisələr bəzən insan həyatının ən gizli, ən ağrılı məqamlarını anlamaq üçün bir güzgüyə çevrilir.

Tarix kitablarında imperatorların çıxışları, müharibələr və xalqların taleyi kimi qeydə alınan hadisələr ədəbiyyatda fərdi yaddaşın, sevginin, xəyanətin və itkinin dili ilə yenidən danışa bilər.

Amerikalı şair və esseist, Nobel mükafatı laueratı Enn Karsonun “Ərin gözəlliyi” (The Beauty of the Husband) kitabında da tarixlə şəxsi təcrübə arasındakı sərhəd məhz bu şəkildə pozulur.

Karson Yapon imperatoru Hirohitonun müharibədən sonra radio ilə xalqa müraciətini xatırladaraq Kenzaburo Oenin təsvirinə üz tutur, ardınca isə öz evliliyinin çatlarında gizlənən ağrını üzə çıxarır.

İmperatorun səsi ilə ərinin xəyanətinin yaratdığı səssizlik arasında qurulan bu gözlənilməz əlaqə göstərir ki, insanın şəxsi tarixi də böyük tarixin içində oxuna bilər.

Qismət Rüstəmovun bu parçaya diqqət yetirməsi bizi mühüm bir sual ətrafında düşünməyə çağırır:

Enn Karson öz bioqrafiyasını mədəniyyət tarixinin içindən keçirərək necə şeirə çevirir və tarixi yaddaş şəxsi ağrının ifadə vasitəsinə necə çevrilir?

Gununsesi.info Qismət Rüstəmovun Enn Karson haqqında fikirlərini təqdim edir:

İmperatorun səsi və ya Enn Karson öz həyatına necə tarixdən baxır?
Enn Karsonun şeirlərində öz bioqrafiyasını necə mədəniyyət tarixinin içindən keçirib yazmasını əyaniləşdirmək üçün bir tarixi əhvalata və “Ərin gözəlliyi” kitabından bir fraqmentə baxaq.
Hirosima və Naqasakinin bombalanmasından sonra 1945-ci ilin 15 avqustundan Yaponiyanın imperatoru Hirohito radioda təxminən 5 dəqiqəlik tarixi bir çıxış etdi və “təslim olmaq” sözündən istifadə etmədən dedi ki, hökumətə təlimat vermişəm, “Potsdam deklarasiya”sına qəbul etsin: “Dözülməz olana dözmək vaxtı gəldi… Göz yaşlarımı uduram və müttəfiqlərin deklarasiyasını qəbul etmək təklifini təsdiqləyirəm…”
Görün, Enn Karson bu tarixi əhvalatı necə Kenzaburo Oeyə salam göndərməklə öz həyatına bağlayır:
“…Bilirsən necə təsvir edir romançı Oe
Hirohitonun radioda danışmasını
bir fani kimi.
Böyüklər radionun yanında oturub ağladılar.
Uşaqlar tozlu yollarda heyrətlə pıçıldaşdılar.
Heyrət və məyusluq ağuşuna almışdı onları
imperatorları “bir səslə” danışdığı üçün.
Sakitcə bir-birlərinə baxdılar.
Necə inanmalı Tanrının insan olduğunu
özü də bir yaz günü?”
Evlənməyimizdən bir il keçməmişdi heç
ərimə gecələr (bir qadın) zəng vurmağa başladı.
Telefonu mən götürəndə qadın dəstəyi asırdı.
Qulaqlarım qıcıqlanırdı…”
Orxan