“Xəzərin xilası üçün Volqanın su ehtiyatlarından istifadə məsələsi araşdırılmalıdır” -ŞƏRH

“Xəzər dənizinin dayazlaşması artıq təbiətin adi dövri dəyişməsi kimi qiymətləndirilə bilməz. Bu prosesin arxasında iqlim amilləri ilə yanaşı, insan fəaliyyətinin, su ehtiyatlarının idarə olunmasının və regional su siyasətinin nəticələri dayanır. Problemin mahiyyətinə varmaq üçün isə diqqəti Xəzərə tökülən çayların, ilk növbədə Volqanın üzərinə yönəltmək lazımdır. Çünki Xəzərin gələcəyindən danışarkən onu qidalandıran əsas su mənbəyinin taleyini nəzərdən kənarda saxlamaq mümkün deyil”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“Xəzər dənizinə daxil olan çay sularının təxminən 80 faizinin Volqanın payına düşməsi bu çayın strateji əhəmiyyətini aydın göstərir. Deməli, Volqanın təbii axımında baş verən dəyişikliklər, onun sularının hansı məqsədlərlə və necə istifadə olunması Xəzərin su balansına birbaşa təsir edən amillərdəndir. Çay hövzəsində qəbul edilən qərarların nəticələri isə yalnız Rusiya ərazisi ilə məhdudlaşmır, sahilyanı digər dövlətlərin də ekoloji, iqtisadi və sosial maraqlarına toxunur.

Volqa üzərində yaradılmış iri su anbarları və bəndlər sistemi bu məsələnin diqqətlə araşdırılmasını tələb edir. Su anbarları hidroenergetika, suvarma, gəmiçilik və digər təsərrüfat məqsədləri üçün mühüm əhəmiyyət daşısa da, onların istismarı çayın təbii axım rejimini dəyişdirir. Suyun mövsümlər üzrə toplanması və buraxılması, anbarlarda buxarlanma, təsərrüfat ehtiyacları üçün su götürülməsi və idarəetmə qərarları çayın aşağı axınına çatan suyun miqdarına təsir göstərə bilər.  Bu təsirlərin ümumi miqyası və Xəzərin səviyyəsinin enməsində payı elmi məlumatlarla dəqiq müəyyənləşdirilməlidir.

Volqanın su ehtiyatlarından istifadə qaydaları regional müzakirələrin mərkəzində dayanmalıdır. Məsələnin prinsipial tərəfi də məhz budur: bir dövlətin öz ərazisində su ehtiyatlarını idarə etmək hüququ digər dövlətlərin həyati maraqlarına təsirləri görməzlikdən gəlmək anlamına gəlməməlidir. Volqanın axımına təsir edən qərarlar yalnız milli təsərrüfat və enerji siyasəti çərçivəsində deyil, Xəzərin ümumi ekoloji tarazlığı baxımından da qiymətləndirilməlidir. Əks halda, ayrı-ayrı sahələrdə əldə olunan iqtisadi fayda bütün region üçün uzunmüddətli itkilərlə nəticələnə bilər.

Xəzərin dayazlaşmasını yalnız iqlim dəyişmələri ilə izah etmək problemin mühüm tərəfini kölgədə qoyar. İqlim istiləşməsi buxarlanmanı artırır, yağıntı və çay axımlarının rejiminə təsir edir. Bununla yanaşı, çay sularının tənzimlənməsi və götürülməsi kimi antropogen amillərin rolu da ayrıca ölçülməli, onların təsiri təbii dəyişikliklərdən elmi əsaslarla fərqləndirilməlidir. Söhbət bir amili digərinin əvəzinə qoymaqdan deyil, Xəzərin su balansını müəyyən edən bütün amilləri dürüst şəkildə üzə çıxarmaqdan gedir.

Prezident İlham Əliyevin 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bu problemi gündəmə gətirməsi Azərbaycanın məsələyə vaxtında və strateji yanaşmasının göstəricisidir. İndi əsas vəzifə həmin təşəbbüsün davamlı regional əməkdaşlıq mexanizminə çevrilməsidir. Xəzəryanı ölkələr çay hövzələri üzrə məlumat mübadiləsini genişləndirməli, su anbarlarının istismar rejimlərinin təsirini birgə qiymətləndirməli, Volqanın axımı və Xəzərin su balansı üzrə ortaq elmi monitorinq aparmalıdırlar”.

O qeyd edib ki, Xəzər dənizi heç bir ölkənin sərhədləri daxilində qapanan ekoloji sistem deyil:

“Onun dayazlaşması limanların fəaliyyətinə, gəmiçiliyə, balıq ehtiyatlarına, biomüxtəlifliyə və sahilyanı əhalinin yaşayışına təsir göstərir. Buna görə də məsuliyyətin yalnız nəticələrlə üzləşən ölkələrin üzərinə düşməsi ədalətli və səmərəli yanaşma sayıla bilməz. Xəzərin qorunması onun su balansına ciddi təsir göstərən mənbələrdən başlayan, elmi sübutlara və qarşılıqlı öhdəliklərə əsaslanan siyasət tələb edir.

Xəzərin xilası barədə danışırıqsa, Volqa məsələsini regional gündəliyin əsas mövzularından birinə çevirməliyik. Rusiya ilə dialoq qarşılıqlı ittihamlar üzərində deyil, su axımına təsir edən amillərin şəffaf araşdırılması və konkret tədbirlərin razılaşdırılması üzərində qurulmalıdır. Ancaq bu dialoqda əsas prinsip aydın olmalıdır: Volqanın sularından istifadə yalnız çayın keçdiyi ərazilərin deyil, onun töküldüyü Xəzərin də taleyini müəyyən edir. Xəzərin gələcəyi bu qarşılıqlı asılılığın nə dərəcədə məsuliyyətlə qəbul edilməsindən asılıdır”.

 

 

Şəbnəm

Gununsesi.info