Politoloq Turan Rzayev Azərbaycanda məktəblilərin geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o bu barədə açıqlamasında Azərbaycanın dünyəvi dövlət olduğunu, dinin dövlətdən ayrı olduğunu və ölkənin rəsmi dininin olmadığını vurğulayıb.
Politoloqun sözlərinə görə, dövlət din və məzhəb fərqi qoymadan bütün vətəndaşların inanclarına hörmətlə yanaşır.
Bununla belə, o qeyd edib ki, dini inanclara hörmətlə qanunların tələbləri fərqli məsələlərdir.
Turan Rzayev vahid məktəbli formasının tətbiqinin əsas məqsədinin şagirdlər arasında bərabərliyi təmin etmək olduğunu bildirib.
Onun fikrincə, məktəbli forması uşaqlar arasında ailələrin maddi vəziyyətinə, sosial təbəqəyə və dini inanclara görə fərqlərin yaranmasının qarşısını almağa xidmət edir.
Politoloq dini inanc azadlığının Konstitusiya ilə qorunduğunu xatırladaraq, uşaqların həssas yaş dövründə radikal təsirlərdən müdafiəsinin vacibliyinə diqqət çəkib.
O vurğulayıb ki, dini radikalizmlə mübarizə uşaqların inanclarına hörmətsizlik kimi qiymətləndirilməməli, onların təhlükəli ideoloji təsirlərdən qorunması kontekstində dəyərləndirilməlidir.
Rzayevin sözlərinə görə, müzakirələrin mahiyyəti hicab və ya din deyil, regionda artan ekstremizm və dini radikalizm riskləridir. O, bir neçə ay əvvəl uşaqlardan istifadə edilməklə başqa ölkənin dini liderinin təbliğinə və İslamın siyasi məqsədlər üçün alətə çevrilməsinə dair halları da xatırladıb.
Politoloq hesab edir ki, din və inancların siyasi məqsədlər naminə istifadəsi, xüsusilə uşaqların bu proseslərə cəlb olunması narahatlıq doğurur.
Onun fikrincə, uşaqların hələ formalaşmaqda olan düşüncələrinə radikal təsirlərin göstərilməsinin qarşısı alınmalıdır.
Orxan











