“Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” -HÜQUQ MÜDAFİƏÇİSİ

“Çox yaxşı olar ki, orta təhsilin məcburi olmasını nəzərdə tutan qanun olsun. Sovet dövründə ucqar kənd məktəblərində belə uşaqlar 10-cu sinfi bitirib attestat alır, yaxud 7-ci sinifdən sonra peşə məktəblərinə gedirdilər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib:

“Jurnalist kimi rayonları, kəndləri gəzib məktəblərdəki vəziyyəti görmək lazımdır. Bəzi məktəblərdə 3–4-cü siniflərdən sonra şagirdlərin sayı xeyli azalır. Bu, xüsusilə qızlar arasında daha çox müşahidə olunur.

Məktəbli geyimi ilə bağlı qərarı dəstəkləyirəm. Uşaqlar məktəbə oxumağa gəlirlər. Hicab məsələsinə gəlincə, bu qərarın qəbulunda məsuliyyət daşıyan tərəflərdən biri də valideynlərdir. Əgər valideynlər bu səbəbdən övladlarını məktəbdən uzaqlaşdırırlarsa, bunun məsuliyyəti ilk növbədə ailənin üzərinə düşür.

Bilirsiniz, hicab məsələsini gündəmə gətirən İranın molla rejimində belə qadınlar hicab məcburiyyətinə qarşı etiraz edirlər. Mən istəyirəm ki, 18 yaşından sonra qızlarımız başlarını örtmək istəyirlərsə, bunu öz seçimləri ilə etsinlər.

Bizim milli mədəniyyətimizdə kəlağayı və şal kimi baş örtükləri olub. Nənələrimiz bu örtüklərdən istifadə ediblər. Hətta sovet dövründə də kəndlərdə və rayonlarda qadınlar başlarına yaylıq və kəlağayı bağlayırdılar. Bunlar bizim milli geyim və mədəniyyət ənənələrimizin bir hissəsidir.

Biz müsəlmanıq, dinimiz İslamdır, inancımız Allaha və peyğəmbərlərimizədir. Ancaq dini inanc məktəb qaydalarına əməl etməyə mane olmamalıdır. Dövlətimizin bayrağı da milli və dövlətçilik dəyərlərimizi əks etdirir.

İnanclı olmaq başqa, dini qaydaları uşaqlara məcbur etmək başqadır. Mənim çox yaxın inanclı dostlarım var. Bu o demək deyil ki, onlar mütləq övladlarını hicabla məktəbə göndərməlidirlər. Qanun hamı üçün eynidir. Valideynlər övladlarını bu səbəbdən məktəbə göndərmirlərsə, yaranan vəziyyətə görə məsuliyyəti də özləri daşımalıdırlar”.

 

Şəbnəm 

Gununsesi.info