Natiq Cəfərli: “Məkkə Anlaşması” ətrafında müzakirələrdə məntiqi ardıcıllıq vacibdir

  • Müəllif: Orxan
  • 20 Oktyabr 2026 11:39

İqtisadçı və siyasətçi Natiq Cəfərli Azərbaycanla Türkiyə arasında fikir ayrılığı yaratdığı iddia olunan məsələlərə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, bəzi şəxslər Azərbaycanın “Məkkə Anlaşması”na qoşulmaqdan imtina etməsini və İsraillə münasibətlərini iki ölkə arasında narazılıq yaradan əsas amillər kimi təqdim edirlər.

Natiq Cəfərlinin fikrincə, bu cür müzakirələrdə ən vacib məqam məntiqi ardıcıllıq qurmaq və məsələlərə bir neçə addım irəlidən baxmaqdır.

O bildirib ki, “Məkkə Anlaşması”nın əsas məqsədlərindən biri Səudiyyə Ərəbistanının təhlükəsizliyinin qorunmasıdır. Səudiyyə Ərəbistanına yönələn potensial təhdidlər sırasında İran və onun dəstəklədiyi Yəməndəki husilər də göstərilir.

Cəfərli diqqətə çatdırıb ki, İran və husilər İsraili əsas düşmənlərindən biri hesab edirlər. Onun məntiqi yanaşmasına görə, belə bir təhlükəsizlik mexanizminin işə düşməsi İranın və husilərin mövqelərinə də təsir göstərə bilər.

Siyasətçi bu məqamdan çıxış edərək müzakirə iştirakçılarına sual ünvanlayıb: “Məkkə Anlaşması” Səudiyyə Ərəbistanından başqa, dolayısı ilə daha hansı tərəfin təhlükəsizliyinə xidmət edə bilər?

Natiq Cəfərli hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri ətrafında müzakirələrdə bu məntiqi əlaqələr də nəzərə alınmalı, məsələlərə yalnız ayrı-ayrı iddialar üzərindən qiymət verilməməlidir.

Elmar

Gununsesi.info