“Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəf alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixləri arasında Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb.
Bu arada, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb. Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-ın Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Sazişinin işə düşməsində maraqlıdır.
Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi təcrübəsi var, ancaq bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanıb. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində qoşunlarının olması barədə xəbərlərini inkar ediblər. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhəddə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir.
Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və neftin bu bölgədən nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki neft kəməri üzərindən Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Müqayisə üçün Hörmüz boğazı üzərindən gündə daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə ərəbistanından keçən boru xəttini də hədəf alıblar. Sentyabrın sonlarında dronların hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər”.
O əlavə edib ki, Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması ehtimalını azaldıb:
“Digər tərəfdən iyul ayında imzalanmış və avqust ayında Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir”.
Günay











