Gürcüstanda Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsindən Azərbaycan sərhədindəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” məntəqələrinədək fasiləsiz dördzolaqlı avtomagistralın tikintisi planlaşdırılır.
Gununsesi.info Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, həmin istiqamətlər üzrə dördzolaqlı magistralın 2030-cu ilədək hazır olması nəzərdə tutulur. Ölkədə bütün avtomagistralların tikintisinin isə 2031-ci ilin sonunadək tamamlanması hədəflənir.
Kobaxidze qeyd edib ki, magistral Tbilisidən yan keçəcək. Bu, sərhəd məntəqələri arasında nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, paytaxtda nəqliyyat yükünü də azaldacaq.











