İran nadir xəstəlikdən əziyyət çəkən pasiyentlərə qarşı sanksiyaların nəticələri ilə bağlı məhkəmə işi çərçivəsində ABŞ-dən ilk dəfə təzminat almağa nail olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “kəpənək xəstəliyi” kimi tanınan epidermoliz büllozadan əziyyət çəkən uşaqlara yardım göstərən EB House qeyri-hökumət təşkilatının baş direktoru Seyid Həmid Haşemi Qolpayeqani məlumat verib.
İş 2018-ci ildə xəstələrin xüsusi sarğı materiallarını əldə etməkdə çətinlik çəkməsindən sonra başlanıb. Qolpayeqaninin sözlərinə görə, İsveç istehsalçısı sanksiya məhdudiyyətlərini əsas gətirərək İrana bu materialların tədarükündən imtina edib. Türkiyə də daxil olmaqla, qonşu ölkələr vasitəsilə alış cəhdləri də maneələrlə üzləşib.
Məhkəmə qərarının icrası üçün İran tərəfi Tehranın əyalət məhkəməsinin sədri Nasir Atabatiyə görə, ABŞ-a məxsus olan neft yükünü müsadirə edib. Daha sonra neft satılıb və əldə olunan vəsait zərərçəkən pasiyentlərə təzminat ödənilməsi üçün yönəldilib.
Qolpayeqani bildirib ki, pul təxminən 22 gün İran Mərkəzi Bankının hesabında saxlanılıb, daha sonra zərərçəkənlər arasında bölüşdürülməsi üçün başqa banka köçürülüb.
EB House rəhbərinin sözlərinə görə, bu, İran İslam Respublikasının mövcud olduğu 48 il ərzində bu cür məhkəmə araşdırması çərçivəsində ABŞ-dan maliyyə təzminatı almağa nail olduğu ilk haldır.
O, nəticənin sanksiyaların təsirlərinə qarşı hüquqi və məhkəmə vasitələrindən istifadə etməyin, vətəndaşların hüquqlarını qorumağın mümkün olduğunu göstərdiyini bildirib.
Gununsesi.info











