
“Həyata keçirilən tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşması, təsərrüfatların maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb”.
Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam edir.
Onun sözlərinə görə, ölkəmizdə bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib, bəzi məhsulların ixracı isə artıb.
“Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni iş yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bir çox rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnika və texnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib və ya satılıb, digər stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin etmək üçün valyuta ehtiyatlarının artırılması əsas şərtlərdən biridir.
Bu istiqamətdə son illər iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun , o cümlədən aqrar bölmənin inkişafı üçün çox ciddi tədbirlər görülür. Bu məqsədlə çox doğru olaraq ölkəyə valyuta gətirən sahələr, xüsusilə pambıq, barama, tütün, çay və fındıq istehsalının artırılması istiqamətində konkret və təsirli işlər görülür və şübhəsiz ki, bu, öz bəhrəsini artıq verməkdədir.
Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də xüsusi əhəmiyyət kəsb edən hadisədir. Bu müşavirədə dövlət başçısı pambıqçılığın inkişafına dair müvafiq tövsiyə və tapşırıqlar verdi. Əminik ki, dövlət başçısının xüsusi diqqəti nəticəsində Azərbaycanda pambıqçılığın inkişafı daha böyük vüsət alacaq”- deyə, komitə sədri vurğulayıb.

“Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır”.
Bu fikirləri isə mətbuata açıqlamasında digər millət vəkili Eldəniz Səlimov deyib.
O, bildirib ki, dövlət tərəfindən göstərilən davamlı dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərəli istifadə olunur.
Deputatın sözlərinə görə, bu dəstək ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq üçün böyük stimuldur:
“Əlamətdar haldır ki, respublikanın bölgələrində kənd təsərrüfatına məqsədyönlü dəstək tədbirləri öz bəhrəsini verməyə başlayıb. Maddi-texniki bazanın gücləndirilməsi, təsərrüfatlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi məhsuldarlığı artırıb və bütövlükdə ölkə üzrə aqrar sektoru yeni inkişaf mərhələsinə çıxarıb. Ötən il məlum çətinliklərə baxmayaraq, respublikanın kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Cari ildə isə bu göstəricini daha da artırmaq, yeni istehsal və ixrac imkanları yaratmaq qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il kənd təsərrüfatında qazanılan uğurlardan məmnunluq ifadə etməklə yanaşı, vurğulayıb ki, cari ildə aqrar sektorda artım daha böyük rəqəmlərlə ölçülməlidir.
Qeyd edim ki, ölkəmizın ixrac imkanlarının genişləndirilməsi məqsədilə genişməzmunlu tədbirlər həyata keçirilir. Respublikamızda başlanan yeni nəsil iqtisadi islahatlar çərçivəsində ötən ildən ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Son vaxtlarda ayrı-ayrı xarici ölkələrdə ardıcıl şəkildə logistik mərkəzlər yaradılır, eyni zamanda, “Made in Azerbaijan” brendi geniş şəkildə təbliğ olunur. Ölkəmizdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında Azexport.az portalı yaradılıb. İndiyədək portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Bütün bu görülən işlər yaxın perspektivdə daha yüksək nəticələrlə müşayiət olunacaq”.
KAMİL
Gununsesi.info









