Tələbələrin etirazına sabah qərar veriləcək - TƏHSİL NAZİRLİYİ

  • Müəllif: admin
  • 30 May 2017 14:28

1496132718-7734

Uiniversitet müəllimləri narazı tələbələrə bildiriblər ki, rektorun gecikməsinin səbəbi təhsil nazirinin müavinini gözləməsidir.

Gununsesi.info-nun xəbərinə görə, tələbələr universitetin rektoru, professor Əfqan Abdullayevlə və təhsil naziriylə görüş tələb ediblər.  Hazırda təhsil nazirinin nümayəndəsi kürsüyə qalxaraq tələbələrə müraciət edir.  O, bildirib ki, hər fakültədən bir nəfər seçilsin,  təklif və şikayəti ətraflı çatdırsınlar. Rektor Əfqan Abdullayev hazırda millət vəkili Fuad Muradov və müəllim heyətiylə universitetdə tələbələrlə görüşdə iştirak edir.

 Tələbələr bildiriblər ki, dövlət imtahanına etiraz ediblər. Dövlət imtahanının tətbiqinə 1-ci kursdan başladılsın. Onlar təhsil nazirinin müavininə bildiriblər ki, rektor onlara dövlət imhatanın keçirilməsiylə bağlı gec məlumat verib.  Tələbələrlə görüşən təhsil nazirinin nümaəndəsi bildirib ki, imtahanların sayı azaldıla bilər, lakin ləğv edilə bilməz.

Hazırda təhsil nazirinin müavini Ceyhun Bayramov tələbələrlə konfrans zalında görüşür və onlarin suallarını cavablandırır.

Ceyhun Bayramov tələbələri dinlədikdən sonra yenidən çıxış edib. O bildirib ki, biz tələbələrin dediyi fikirləri dinləyirik, eşidirik:

“Ali təhsil müəssələrində qiymətləndirmə müxtəlif ola bilər. Biz onu da başa düşürük ki, hər bir tələbə diplom alıb, əmək bazarına daxil olmaq istəyir.

Bu il dövlət imtahanının keçirilməsinə bir il bundan öncə qərar verilib. Sabah saat 2-də elmi şurada qərar açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb, yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir.

Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

Belə ki, rektorun tələbələrlə görüşündən çəkilmiş videokadrları yayılıb. Qapalı keçirilən görüşdə yuxarı kurs tələbəsi olan qız rektora ləğv edilən dövlət imtahanının yenidən hansı səbəblə keçirilməsini soruşub. Tələbənin sualına isə rektor sərt şəkildə cavab verərək ondan danışığına fikir verməsinə tələb edib. Tələbə bu iraddan sonra yenidən sualına davam edərək 8 fəndən onlara verilən sual sayının olduqca çox olduğunu və bunun nə dərəcədə doğru olduğunu soruşub.Tələbənin cəsarətli çıxışı rektoru yenidən özündən çıxardıb və o suala cavab verməkdən yayınıb. Cavabında tələbə isə rektora “siz bizimlə çox kobud davranırsınız” deyib. Bu ifadə zaldakı digər tələbələr tərəfindən də alqışla qarşılanıb.

Xatırladaq ki, deputat Səməd Seyidovdan sonra rektor təyin olunan Əfqan Abdullayev sələfinin ləğv etdiyi bir çox qərarları yenidən işlək vəziyyətə salıb. Belə ki, universitetdə illərdir ləğv edilən dövlət imtahanı yenidən keçirilməyə başlanılıb. Bu isə bundan öncə universitetdə baş alıb gedən korrupsiya faktlarının yenidən genişlənməsinə şərait yarada bilər. 

Gülnaz Qənbərli

Gununsesi.info