
Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb.
Gununsesi.info-nun məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, parlamentin bugünkü iclasının gündəliyində 38 məsələ var.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov müzakirəyə çıxarılan “Bədən tərbiyəsi və idman haqqında” qanunlara nəzərdə tutulan dəyişiklik barədə məlumat verərək bildirdi ki, dəyişiklik əsasən idmanda dopinqlə bağlı olan məsələdir.
Məsələ ətrafında çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, dopinqdən istifadə edən belə əmələ yol vermiş insanların ekranda təbliğ edilməsi normal deyil, dünya təcrübəsində də belədir.
Deputat Fazil Mustafa isə bildirib ki, bəzən məlum olur ki, idmançı 3, 5 və 7 il öncə dopinqdən istifadə edib: “Ölkə prezidenti isə onlara etimad göstərərək mükafat verilməsini təmin edib. Niyə bu pullar havaya getsin? Həmin idmançılar cəmiyyəti, prezidenti, idman ictimaiyyətini aldadıblar. Bir qisim adamlar var ki, pullar onlara getdi. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır”.
Deputat Aqil Abbas isə əlavə edib ki, idmançılar yarışlara qatılanda dopinq nəzarətindən keçir: “Necə olur ki, 4 ildən sonra onların dopinqdən istifadə etməsi haqda məlumat ortaya çıxır”.
Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik qəbul edildi.
Mürtəza
Gununsesi.info












