
Xəbər verildiyi kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində ikinci Avrasiya Beynəlxalq Kitab sərgisi (Eurasian Book Fair -2017) keçirilib.
Gununsesi.info xəbər verir ki, sərgidə son illər Azərbaycanda müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunub. Avrasiya Kitab Sərgisinin açılışında çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, artıq ikinci dəfədir keçirilən sərgiyə maraq artıb. Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi “İkinci Avrasiya Kitab Sərgisi – 2017” çərçivəsində Azərbaycanın Qazaxıstdandakı səfirliyinin xüsusi təşkilatçılğı ilə Azərbaycan güşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunub. 15 iyun-Milli Qurtuluş gününə həsr olunan guşədə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəliyyətindən bəhs edən nəşrlər üstünlük təşkil edib. Qazaxıstanın dövlət katibi G.Abdıkalikova Azərbaycan stendinə xüsusi maraq göstərib. Dövlət katibi Azərbaycana səfərini xatırladaraq Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və digər rəsmi şəxslərlə görüşlərini xatırladıb. O, Azərbaycanın ən inkişaf etmiş ölkələrdən biri olduğunu qeyd edərək, ölkənin qədim tarixindən və zəngin mədəniyyətindən söhbət açıb. Azərbaycan güşəsində ölkənin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanıb. Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə Azərbaycan xalqının maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb. Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanıblar.
Sərgidə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunan əsərləri, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu kitablar, ölkə haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tutub.
Sərgi çərçivəsində araşdırmaçı jurnalist Fuad Hüseynzdənin “Dünya azərbaycanlılarının palitrası” kitabı da nümayiş olunub. Eyni zamanda sərgidə “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Əsasən qazaxların iştirak etdiyi təqdimat mərasimində Fuad Hüseynzadə çıxış edərək kitabın özəlliyi və əhəmiyyəti haqqında məlumat verib. O qeyd edib ki, kitabda dünya ölkələrində yaşayan 173 azərbaycanlının müsahibəsi yer alıb:
“Kitabda müsahibəsi olan soydaşlarımzın təxminən 10 nəfəri Qazaxıstanda yaşayır. Bu insanların diaspor olaraq Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində, adət-ənənələrin qorunmasında əhəmiyyətli rolu var. Onlar həmçinin Qazaxıstanın iqtisadi, elmi-texniki inkişafına öz töhfələrini verirlər”.
Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitabdan hədiyyə edilib.
Sərgi çərçivəsində Azərbaycan xalçaçılıq tarixi, ənənələri, ölkədə istehsal olunan çay məhsulları orijinal təqdimatda nümayiş olunub. Sərgi iştirakçıları Azərbaycan rəqslərini canlı şəkildə izləmək imkanı da əldə ediblər.
Qeyd edək ki, sərgi üç gün davam edib.

Gununsesi.info












