
2013-cü ildə 155 jurnalist mənzil aldı, dünən də 255 nəfər jurnalistlər üçün tikilmiş binada mənzil yiyəsi oldu. Cəmi 410 nəfər.
Müxtəlif hesablamalara, rəsmi olmayan statistikaya görə, məmləkətimizdə 4-5 min jurnalist var. Onların arasında təxminən 2 min nəfər hərdən yazır, ya da yazmağa cəhd edir və hərcai sıraladığı durğu işarələri ilə aralanmış kəlmələrin arasında itkin düşür, handan-hana tapılır. Gerçəkdən də istedadlı, sözə hakim çıxan, sözü və nəfsə qul olmayan qələm əhlinin sayı isə ən yaxşı halda 650-700 nəfərdən artıq deyil.
Dünən mənzil alanlar tənqid olunur, siyahı müzakirə edilir, saxtakarlıqdan bəhs olunur. Tənqid, aşağılamalar, hətta qarğış və nifrinlər var.
Haqqına güvənib haqq tələb edən, ədalətli seçim istəyənlər arasında istedadlı, ləyaqətli və namuslu insanlar da var. Onları tanıyıram – bəzilərin şəxsən, bəzilərini qiyabi.
Fəqət, xanımlar və bəylər, dəyərli dostlar, sayğılı həmkarlarım.
Dünən ev alanlar kimlərdi?! Siyahıya diqqətlə baxdınızmı və orada Azərbaycanda sözünü ucuzlaşdırmayanların əsla az olmadığını görmədinizmi?! Orada buraxın stajı, harada neçə il çalışmasını – necə yazmasını illər əvvəl sübut etmiş, adına söz yox, sözünə adını əlavə etmiş insanlar azmı?!
Ad çəkmək, hər birinə cavabdeh olmaq dərəcəsində inandığım şərəfli insanları sadalamaq istəmirəm – zatən, yazar cameəmiz kiçik və hər kəs də göz qarşısında.

Onların böyük əksəriyyətinin hansı şəraitdə yaşadıqlarına bələdəm və çətinliklərindən xəbərdaram.
Onlar madiyyat baxımından varlı deyillər, iş adamı deyillər, şirkətləri və yainki böyük gəlir mənbələri də yox. Lakin mənəviyyata gəldikdə əxlaqi dəyərləri sözlərinin çəkisi qədər yüklü və ağırdır. Deyilmi?!
Bu gözəl insanlar indiki maaşlarıyla, qonorarlarıyla, tərcümələrdən aldıqları pullarla mənzilə yiyələnə bilərdilərmi? Çətin.
Belədirsə, dövlət onlara niyə ev verməməlidi və ya dövlət o evi verməməlidirsə, bəs kim verməlidi?!
Dünən mən də o tədbirdə idim və yan-yörəmdə əyləşənlər – hansı ki, hamısını əla tanıyıram – vallahi və simallahi, sutkada 13-16 saat işləyən adamlardı. Nədən ki, vaqelər olub, gecənin bir aləmində zəng vurmuşam xəbərlə və ya yazı ilə bağlı dəqiqləşdirməyə görə – hamısı kompüter arxasında olublar.
Onlar özləri və ya iş yerlərinin sahibləri üçün yox, bu Vətən, ulus üçün çalışırlar.
Aldıqları mənzili də haqq edirlər, çünki onlar da 4 il gözlədilər.
Mənzil almağa haqqı olan, evsiz, kirayədə yaşayan həmkarlarım ki, indi şikayətçidir və onların arasında çox dəyər verdiyim, istedadının vurğunu olduğum zatlar da az deyil – yeni binadakı 255 mənzil sahiblərindən olacaqlar.
Buna əminəm.
Dediyim kimi, Azərbaycanda istedadlı yazarlar azdı, 650-700 nəfər ola, ya olmaya. 410 nəfər artıq mənzil alıb.
Mənzilə haqqı olanların hamısı ocağının yiyəsi olacaq. Şübhəniz qalmasın.
Nifrinləri sıralayan, qarğış edənlərə , söyən adamı olmayıb jurnalisti nişan seçənlərə isə səbr, məntiq diləyirəm.
Kimlərinsə cibində oturub notları başqa yerlərdə biçilmiş nifrət şərqiləri oxuyanları isə ümumiyyətlə, hesaba almıram və sizə də bunu məsləhət bilirəm.
Elçın Alıoğlu
Gununsesi.info












