
Artıq Rusiyada sürücüsüz ictimai nəqliyyat növü olan avtobusların sınağına başlayıblar.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 29-dan etibarən “Matreshka” sürücüsüz smartavtobusların yollarda sınağına başlanılıb.
Sınaq uğurla yekunlaşarsa qısa zamanda sürücüsüz smartavtobuslar Rusiyanın şəhərlərində və yollarında peyda olacaq.
Yeni sürücüsüz avtobuslar elektriklə işləyir və saatda sürəti 30 km/saatdır. Ancaq nəzəri cəhətdən yeni avtobusların sürətini 100 km/saatadək qaldırmaq mümkündür. Bu avtobusların akkumlyatoru 4 saata dolur və 130 km məsafəyə bəs edir.
İlk belə seriya avtobusların 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Düzdür, ilk olaraq pilot layihələr həyata keçiriləcək. Belə avtobuslardan istifadə etmək üçün ölkə qanunvericiliyində də dəyişiklik edilib, sürücüsüz avtobuslardan istifadəyə icazə verilməsi ilə bağlı müddəalar salınmalıdır.
Yeni “Matreshka” avtobusları modul elementlərdən hazırlanıb ki, elementlər sıradan çıxanda qısa zamanda əziyyət çəkmədən dəyişməsinə imkan yaradır. Bir modulun dəyişməsi haradasa 15 dəqiqə vaxt aparır.
M2B2 modelli sürücüsüz avtobuslar 12 nəfər üçün hazırlanıb. Gələcəkdə 20 nəfərlik belə avtobusların istehsalı nəzərdə tutulur.




Gununsesi.info












