Lerikdə kartofun saxlanılması üçün soyuducu anbarlar yaradılıb - VİDEO

  • By admin
  • 07 Dekabr 2017 15:52

Süfrəmizin ikinci çörəyi adlanan kartofun keyfiyyəti, dadı onun əkildiyi torpaqdan asılıdır. Bu səbəbdən də Lerikdə yetişdirilən dağ kartofu olduqca məşhurdur. Rayonda ilk dəfə kartof məhsulu üçün soyuducu anbarın yaradılması fermerləri kartof sahələrini daha da genişləndirməyə həvəsləndirib.

Gununsesi.info ARB TV-yə istinadən məlumat verir ki, aran rayonlarından fərqli olaraq dağlıq rayon olan Lerikin sərt iqlimi səbəbindən iki ay gec əkin aparan lerikli fermerlər məhsulu da bir qədər gec, noyabra qədər toplayıblar. Bununla belə fermerlər hazırda məhsul bol olduğu ərəfədə kartofu bazara çıxarmamaq, həmçinin növbəti əkinə kimi əhalinin kartofa olan təlabatını ödəmək üçün bu il ilk dəfə məhsulu soyuducu anbarda saxlayır.

Fermer Füzuli Əliyev deyir ki, Lerik kartofunun əkini may ayında başlayır, avqustun 25-indən yerdən çıxarılır. Noyabrın 5-inə kimi yığım davam edir: “Noyabrın 5-indən sonrada kartofları soyuducu anbara yığmışıq. Bu bizi may ayına qədər kartofla təmin edəcək. Çalışacıyıq ki, əhalimizi dadlı dağ kartofu ilə təmin edək.”

Hazırda ölkədə yığılan kartofun fevral, mart aylarına kimi tamamilə satılacağını nəzərə alsaq, bu da anbarda saxlanılan 100 ton dağ kartofunun ölkə bazarlarına baha qiymətə çıxarılmasına səbəb olacaq. Lerikdə yetişdirilən kartof keyfiyyətinə, dadına görə fərqlənir. Qiymətinin digər kartoflardan bir qədər baha olmasını isə fermerler gübrəsiz və keyfiyyətli sort olması ilə əlaqələndirir

Fermer Alim Əliyev isə vurğuladı ki, “qırmızıgöz” sortudur, “udaçni”dir, “kemirov”dur – bax bu kartoflar əla sortdur, yaxşı da məhsul verirlər: “Bunu 40-50 qəpiyə  satmaq sərf eləmir, qiymət çox aşağıdır. 5-6 hektar ərazidə kartof əkirəm. Haradasa 1 ton kartofdan mən 10 ton kartof götürürəm.”

Lerikin dağ kartofuna təlabat yüksək olsa da məhsul azdır.Çünki Lerik rayonu kartof əkini üçün quraq ərazi olduğundan burada su problemi mövcuddur.

Fermer Alim Əliyev: “Su məsələmiz bizim yoxdur. Quyular quruyub. Amma buralara arteziyan çəkilsə bütün Azərbaycanın kartofunu, meyvəsini  Lerik rayonu verə bilər.” 

Lerikdə aparıcı aqrar sahə olan kartofçuluq əsasən rayonun Orand, Pirəsora, Qosmalian, Kələxan kənd ərazilərində inkişaf etdirilib

Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Mirzəyev isə bildirib ki, cari ildə rayonumuzda 1377 hektar sahədə kartof əkilib. 17 min tondan artıq kartof istehsal olunub. Əhali istehsal olunmuş kartofun bir hissəsini öz ehtiyacları üçün istifadə edir, qalan hissəsini isə daxili bazarlara və republikanın digər bazarlarına çaxararaq satırlar.

Fermerlər gələcəkdə əkin sahələrini daha da genişləndirərək məhsulu 20 -25 min tona çatdırmağı nəzərdə tutur.

Gununsesi.info