Cinayət hüquqlarının problemlərinə aid yeni kitabın təqdimat mərasimi keçirilib - FOTOLAR

  • Müəllif: admin
  • 09 Dekabr 2017 10:04

“Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab evində hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın rus dilində yeni çapdan çıxmış “Проблемы уголовного права: Классификация преступлений,  дифференциация уголовной ответственности и построение санкций” (“Cinayət hüquqlarının problemləri: cinayətlərin təsnifatı, cinayət məsuliyyətinin differensiyası və sanksiyalarının quruluşu”) adlı kitabının təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri giriş nitqi ilə professor İlham Rəhimov açaraq bildirib ki, bu kitab cinayət hüququ sahəsində yazılan ən qiymətli monoqrafiyalardandır:

“Kitabda Şəhla xanım hüquq elminin bütün incəliklərinə toxunub desək, yanılmarıq. Çünki ilk dəfədir ki, belə bir kitab işıq üzü görür. Kitabda cinayətin təsnifatları, fəlsəfəsi ilə bağlı çox mühüm məsələlər öz əksini tapıb. Ona görə də düşünürəm ki, bu kitab həm hüquq elminə, həm də praktik hüquq işçilərinə çox qiymətli hədiyyədir. Şəhla xanım kitabında elə məqamlara toxunub ki, orada bəzən mənim kitabımdakı baxışlar tənqid olunub. Bax, kitabda mənim ən xoşuma gələn məqam budur. Lakin mən də gələcəkdə yazacağım kitabımda Şəhla xanımın fikirlərini elə tənqid edəcəm ki, bu tənqid tərif kimi alınacaq”.

İ.Rəhimov qeyd edib ki, cinayət hüququ ilə bağlı son dövrlərdə ümumiyyətlə ciddi kitablar çox az yazılır: “Hesab edirəm ki, bu sahədə daha geniş və xüsusən də ağır cinayətlərin kateqoriyaları, onun  törədilməsində baş verən xarakterik dəyişikliklər, psixoloji, sosioloji məqamları öyrənilməli və praktikada tətbiqinə nail olmaq lazımdır”.

İ.Rəhimov əlavə edib ki, Ş.Səmədovanın kitabı bu baxımdan çox əhəmiyyətlidir: “Mən özüm bu kitabın müəyyən bir qismini Rusiya alimlərinə təqdim edəcəm. Qoy onlar da bilsinlər ki, Azərbaycanda da ağır cinayətlərə dair fundamental elmi əsaslara, praktikaya söykənən sanballı əsərlər yazılır və hüquq sahəsində professional, bilikli, bacarıqlı hüquqşünaslar var”.

İ.Rəhimov eyni zamanda, hüquq elmi sahəsində gənclərin önə çəkilməsi və onların peşəkar hüquqşünaslar kimi yetişməsinin zəruriliyini qeyd edib.

BDU-nun kafedra müdiri Firudin Səməndərov isə bildirib ki, cinayət hüququ problemlərindən bəhs edən kitabda müəllif 15 illik təcrübəsini bölüşdüyünü qeyd edir: “Kitabda müasir cinayət hüququnun 3 aparıcı strukturu: cinayətlərin kateqoriyaları, cinayət məsuliyyətinin differensiyasi və sanksiyaların tətqiqi əsas götürülüb. Kitabda cinayət məsələlərində olan ziddiyyətli məqamlar qarşılaşdırılıb. Bu monoqrafiyanın əsas məqsədi gələcəkdə cinayət hüququnun daha da humanistləşməsinə xidmət etməkdir. Bilirsiniz ki, cinayət qanunvericiliyinə bir sıra dəyişikliklər edilib və bütün bunlara mən öz kitabımda geniş şərh vermişəm. Bununla belə, cinayət hüququ olduqca dərin sahədir və bu mövzuda dəyişikliklərə, humanistliklərə hər zaman ehtiyac var. Düşünürəm ki, bu monoqrafiya daha çox hüquq sahəsində magistr hazırlığında, elmi tədqiqat məsələlərində istifadə üçün çox faydalı olacaq”.

Tədbirdə çıxış edən professor Məleykə Bayramova, professor Xanlar Ələkbərov və digər tanınmış hüquqşunaslar da kitab və bunun əhəmiyyəti haqqında öz fikirlərini dilə gətiriblər. Çıxış edənlərin hamısı kitabın həm hüquq elminə, həm də praktik hüquq işçilərinə çox  dəyərli bir kitba olacağını dilə gətirdilər.

 

 

Mürtəza

Gununsesi.info