
Yeni ilin gəlişinə ən çox sevinən balacalar olar. Onlar üçün Yeni il şənlikləri nağıllar aləmidir. Amma uşaqlar üçün bu nağıllar aləmini qurmaq valideynlər üçün ucuz başa gəlmir. Üstəlik 3 yaşından yuxarı olan uşaqları valideynlə bərabər tamaşaya buraxmırlar. Bu zaman ana və ya ata özü üçün də bilet almağa məcbur olur. Əgər bir ailədə 2-3 uşaq şənliyə gətirilirsə, bu zaman həmin ailəyə bu istirahət baha oturur.
Maraqlıdır, görəsən bu gün paytaxt Bakıda yeni il şənliklərinə və tamaşalarına bilet neçəyədir?
Dekabrın 29-dan yanvarın 7-nə kimi Bakı Dövlət Sirki “Ekstremal qış” adlı Yeni il sirk şousunu təqdim edir. Əhilləşmiş heyvanlarla gözəl şou, fokus ustaları, illuzionistlər, hava gimnastları və klounlar çıxış edəcək. Biletlər 10-20 manat arası dəyişir.
Özəl məkan olan “Qafkaz Business Center”də Yeni il Şənliyində Şahzadə Sofiya, Asteriks, Shrek, Fiona, Batman, SpongeBob, Monstrhigh, Winx, həmçinin Disney və Nikolodeon kanallarından personajlar iştirak edir. Biletin qiyməti 35 manatdır. Biletə daxildir: İsti yeməklər, içkilər, Yeni il hədiyyələri.
Heydər Əliyev Sarayında bütün Yeni il tamaşası üçün biletlər 5-49 manat arası dəyişir. Biletə heç nə daxil deyil. Valideyn Şaxta Baba hədiyəsinə də əlavə 5 manat ödəməlidir. Tamaşanın adı “Fiksi Şou” adlanır.
Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Yeni il gəlir, xoş gəlir” adlı interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək. İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq. Saat 13:00-da başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır.
Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası hazırladığını afişalarında qeyd edir. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam“ tamaşası ilə gələcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Yeni il proqramı 29 dekabr-7 yanvar tarixlərinədək davam edəcək. Biletin qiyməti 6 manat. Bilətə hədiyyə daxildir.
Akademik Milli Dram Teatrı isə Yeni ilə “Rəqs edən pinqvinlər” tamaşası ilə başlayacaq. Tamaşanın müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Yeni il şənlikləri 23dekabrdan yanvarın 7-dək hər gün dörd seansda təqdim olunacaq. Biletin qiyməti 6 manatdır.
Ən ucuz bileti isə Abdulla Şaiq adına Kukla Teatrından tapmaq olar. Dekabrın 29-dan yanvarın 3-nə kimi düzənlənəcək tamaşanın adı “Qış nağılı”dır. Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqili tərtibat əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Burada tamaşaya biletlərin qiyməti 3 manat təşkil edir.
Vüsalə
Gununsesi.info










