
Qeyri-neft məhsullarının ixracı kəskin azalıb
Manatın devalvasiyası ölkənin ixrac potensialını artıra bilmədi
2016-cı ilin 7 ayı ərzində qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.
Gununsesi.info-nun hökumətin hesabatından əldə etdiyi məlumata görə, qeyri-neft məhsullarının ixracı bu ilin yanvar-iyul aylarında 584.5 milyon dollar təşkil edir. Ötən ilin əvvəlində manatın devalvasiyası zamanı hökumət iddia edirdi ki, bu,ixrac potensialını artıracaq. Amma statistikalar göstərir ki, manatın dəyər itirməsi, ölkənin mövcud ixracını da aşağı salıb. Əlbəttə, bunun başlıca səbəblərindən biri real iqtisadiyyatda durğunluğun olması, istehsal müəssisələrinin fəaliyyətinin zəifləməsidir.
Burada maraq doğuran başqa bir nüans var. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, ölkədə qeyri-neft məhsullarının istehsalında artım var. Misal üçün, DSK-nin son hesabatına görə, 2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb.
Qeyri-neft emal sənayesi isə 2.8 faiz, qida məhsullarının istehsalında 3,8 faiz, tütün məmulatlarının istehsalında 10,5 faiz artım müşahidə olunur.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 2,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,8 faiz artıb.
Əgər istehsal artıbsa, o zaman ixracda azalmanın səbəbi nədir? Bunu səbəblərindən biri daxili təlabatın artması ola bilər. Lakin “Statkom”un statistikasına görə, 7 ayda əhalini son istehlak xərcləri də ilin əvvəli ilə müqayisədə 3 faiz azalıb. Son istehlak xərcləri isə əhalinin gündəlik istifadə etdiyi ərzaq və qeyri-ərzaq məhsullarıdır. Belə olan halda istehsalın artımı nəticəsində əlavə məhsullar hara yönəlir?
İqtisadçı-ekspert Nemət Əliyevin sözlərinə görə, nəzəri cəhətdən əgər idxal aşağı düşübsə, bu zaman ölkədaxili istehlakı əvvəlki vəziyyətdə saxlamaq üçün daxili istehsalın artması mümkündür: “Nəzəri cəhətdən paradoks görünmür. İstehsalın artımı azalan idxalın qarşılanmasına yönələ bilər.
Ancaq reallıqda vəziyyət tam başqadır. Ölkə daxilində qeyri-neft məhsullarının, xüsusilə də kənd təsərrüfatı istehsalının artımına dair məlumatlar gerçəkliyi əks etdirmir. Bu artımların hamısını kağız üzərində yazırlar. Xüsusilə, taxılçılıqda bu, özünü daha çox biruzə verir. Əkinçiliyin 60 faizi taxılçılığın payına düşür. Burada dövlət tərəfindən verilən subsidiyanı mənimsəmək halları artıb.”
İqtisadçının fikrincə, qeyri-neft sənayesinə kapital yatırımı kəskin şəkildə aşağı düşüb: “Əgər bu istiqamətdə sərmayə qoyuluşu azalıbsa, o zaman sual yarana bilər ki, istehsal artımını nəyin hesabına nail olmusunuz. Yeni investisiyalar yatırılmadan başqa sahələrdə nisbətən artıma nail olmaq mümkündür, amma sənaye sektorunda bu, mümkün deyil”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info









