Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.
Komitədən Trend-ə verilən məlumata görə, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müəyyənləşdirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə “Komfort Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanıb.
Azərbaycan Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “göstəriş” göndərilib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.