Ötən gün iyulun 3-də Kiyevdə azərbaycan mətbəxi restoranı “Dolma”nın qarşısında azərbaycanlı güllələnib.
Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, Kiyevin Qoloseyevsk rayonunda, Antonoviç küçəsində yerləşən restoranın qarşısında naməlum şəxs “Makarov” tapançasından atəş açıb. Nəticədə restorandan çıxan azərbaycanlı yaralanıb və xəstəxanada keçinib. Hüquq-mühafizə orqanları bu qətlin sifarişli olduğu haqda ilkin versiya irəli sürüblər, amma öldürülən şəxsin adını açıqlamayıblar.
Lakin bu gün Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk həmin şəxsin adını özünün Facebook səhifəsində açıqlayıb. “Öldürülən şəxs azərbaycanlı Aqael Dauddur, kriminal avtoritet “Oleq Bakinski”yə yaxın şəxsdir”, – deputat yazıb.


“Oleq Bakinskiy” ləqəbi ilə tanınan kriminal avtoritet Oleq Krapivin Bakı sakinidir, veteranlar arasında sərbəst güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Ukraynada bizneslə məşğuldur, 2013-cü ildə “Fokus” jurnalı onun adını Ukraynanın 100 ən varlı şəxslərindən biri siyahısına daxil etmişdi.













