ABŞ-ın peşəkar diplomatı Bakıya səfir gəlir - Örl Litzenberger Senatda sorğu-sual edildi

  • Müəllif: admin
  • 14 Dekabr 2018 18:20

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində ABŞ-ın Bakıdakı səfiri postuna Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat Örl Litzenbergerin (Earle Litzenberger) namizədliyini irəli sürüb. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litzenberger onun səlahiyyətlərini icra edir.

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də (Bakı vaxtilə dekabrın 14-də)  Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb. Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə  namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Litzenberger nazir müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.

Litzenberger ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.