
Həm dövlət, həm də bankar tərəfindən ipoteka kreditlərinin verilməsi dayandırılıb.
Rəsmi olaraq ölkədə nigaha daxil olanların sayı 80 mindən çoxdur. Bu, o, deməkdir ki, hər il bu qədər ailənin yeni mənzilə, yaşayış sahəsinə ehtiyacı yaranır. Amma nə ipoteka kreditləri, nə də nəğd vəsaitlər bu tələbin heç 10 faizini ödəyə bilir.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ildə orta 15-20 min mənzil istifadəyə verilir. Bu mənzillərin alışına əlçatanlıq olsa belə təlabatın ancaq dörddə birini ödəyə bilər.
Azərbaycan Mərkəzi Bankının hesabatlarına əsasən, ipoteka qoyuluşları da azalmaqdadır. Dövlət İpoteka Fondu tərəfindən bu ilin 6 ayında 51.6 milyon manat kredit ayrılıb. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 141.6 milyon manat təşkil edirdi. Təkcə dövlət xətti iləbu bazara kredit yatırımı 2.7 dəfə azalıb.
Eyni zamanda cari ilin yanvar-iyun aylarında banklar tərəfindən verilmiş adi ipoteka kreditləri 1,1 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 178,4 milyonmanat təşkil edirdi. Göründüyü kimi, bu ilin ilk 6 ayında həm dövlət xətti ilə, həm də banklar tərəfindən verilmiş kommersiya tipli ipoteka kreditləri əhəmiyyətli dərəcədə azalıb.
Ekspertlərin fikrincə, prosesə təsir edən amillərdən biri 10-dan çox bankın bağlanması, digər bankların isə kreditləşməni dayandırmasıdır.
İqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanda ipoteka kreditləşməsi tənəzzül dövrünü yaşayır. Onun fikrincə, yeni mənzil təklifinin azalması mövcud mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Hazırkı iqtisadi tənəzzül və manatın devalvasiyası şəraitində xüsusilə də iri alışlar üzrə alıcılıq qabliyyətinin də azalması qiymətlərdə sürətli dəyişikliyin qarşısını alır: “Əslində, mənzil bazarında təklifin azalması fonunda tələbatın da aşağı düşməsi mənzil satışını azaldır və qiymətləri tarazlıqda saxlayır”.
“Əhmədli” metrostansiyası yanında yerləşən ev alqı-satqı ofisinin rəhbəri Elçin bəy də bildirir ki, bu ilin yay aylarında satış demək olar ki dayanıb: “İnsanlar evlərin bir az da ucuzlaşmasını gözləyirlər. Satışda ev-mənzil çoxdur, amma alıcı yoxdur. Əvvəllər ipoteka, digər bank kreditləri hesabına alıcılar olurdu. İndi heç bir ipoteka krediti verilmir. Əksinə, ipoteka ilə ev alanlar arasında pulu ödəyə bilmədiklərinə görə evlərini satışa çıxaranlar artıb”.
Reiltor deyir ki, manatın devalvasiyasından sonra müəyyən qədər aktivlik yarandı: “Çoxusu əlindəki pulu evə yatırdı. Amma bir qismi mənzillərin daha da ucuzlaşmasını gözləyir. Sovet dövründə tikilmiş “Leninqrad”, “Kiyev”, “Eksperimental”, “Xruşşovka”lar ucuzlaşıb. Məsələn, 2 otaqlı mənzillər təmirinə uyğun olaraq 55-65 min arası dəyişir, 3 otaqlılar isə 70-95 min manatdır. Yeni tikilən binalarda isə qiymətlər manat hesabı ilə dəyişməyib. Sentyabrdan sonra nisbətən canlanma müşahidə edə bilərik.Əlbətt,iki-üç il əvvəlki aktivlik bir də nə zaman qayıdacaq, onu zaman göstərəcək”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info











