
Referenduma bir həftədən az müddət qalır. Ölkə müxalifəti təşviqatçı kimi proseslərdə iştirak etməsə də, indiyə qədər referendum əleyhinə üç mitinq keçirib. Milli Şura 11-17 sentyabr, Müsavat Partiyası isə 18 sentyabrda konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə öz etirazını bildirib.
Amma maraqlıdır ki, referendum kampaniyasında “Yeni Azərbaycan” Təşviqat Qrupu kimi qeydiyyatdan keçən hakim partiya hələ təşviqat mitinqi keçirməyib. Kampaniyanın bitməsinə 5 gün qaldığını nəzərə alsaq, belə bir mitinqin şahidi olmayacağıq. Görünən odur ki, YAP daha çox seçicilərlə qapalı məkanlarda görüşlərə üstünlük verir.
Gununsesi.info bildirir ki, “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında hakim partiyanın mitinq keçirməməsinin səbəblərini belə izah edib: “YAP-ın funksionerlərindən deyiləm. Ona görə Yeni Azərbaycan Partiyasının adından danışmağa çətinlik çəkirəm, bu səlahiyyətim də yoxdur. Amma referendumla bağlı partiyamızın gördüyü məqsədəuyğun işlər var. Bu işlərin qrafiki tutulub.
”Yeni Azərbaycan” Təşviqat Qrupunun səlahiyyətli şəxslərindən biri mənəm. Rayondan təzə qayıtmışam. Ayın 21-22-23-də də rayonlarda olacam, azı 8 tədbirdə iştirak edəcəm. Referendumla bağlı danışıqlarımız olacaq. Stadionlarda görüşlər keçiririk. Bərdədə 3 min insanın iştirakı ilə görüşümüz oldu. Yağışlar yağdığına görə iritutumlu mədəniyyət evlərində görüşlər keçiririk. Mitinq nə verir ki?
Müxalifət, xüsusən Milli Şura qrant almaq, bunu fiksə etmək üçün elə tədbirlər keçirir. Məsələ bundadır ki, referendumun mahiyyətini insanlara çatdırmaq lazımdır. Əgər Azərbaycan inkişaf edirsə, islahatlar gedirsə, bu islahatlara dəstək varsa, mitinqlər nəyə lazım? Konstitusiyaya müəyyən dövrə qədər dəyişiklik edilir. Ciddi dəyişikliyə ehtiyac yarandığı üçün biz ilk növbədə əsas qanunumuzda islahat aparmalıyıq ki, sonra ona uyğun qanunvericilikdə dəyişikliklər getsin. Bu, hüquqi dövlət quruculuğunun bir istiqamətidir. İnsanlara bunu izah etməliyik. Seçicilərlə üzbəüz söhbətlərdə nə üçün referenduma gedilməsini, bu dəyişiklikliyin zəruri olmasını onlara anlatmaq daha önəmlidir. Bu yolla dövlətçiliyə xidmət etmək lazımdır. Yoxsa mitinqdə çıxıb ümumi sözlərlə danışmaq, hansısa şüarlar səsləndirməyin heç bir anlamı yoxdur. Müxalifət hər şeyi inkar edir, referendumun lazımsız olduğunu deyir. Niyə lazım olmasın? Niyə qanunumuz inkişafımızla ayaqlaşmasın?
Müxalifətə mitinq keçirmək üçün istənilən şərait yaradılır, yığışıb sözlərini deyirlər. Biz isə ölkə üzrə seçicilərə referendumun səbəblərini izah etməklə məşğuluq. Digər qeydiyyatdan keçən təşviqat qrupları da belə işlər həyata keçirirlər. Hamını bir mitinqə yığıb, “orada hər şeyi deyəcəyik” söyləmək düzgün deyil. Mitinq Bakıda keçirilir. Amma respublikanın bütün ərazisini əhatə etmək üçün yerlərdə görüşlər keçirilməlidir. Qadınlar və ilk dəfə səs verənlərlə ayrı-ayrılıqda görüşlər keçirilir. Düşünürəm ki, ən effektli yol budur. Bu baxımdan hesab edirəm ki, mitinq keçirməkdənsə, insanlarla görüşüb, onların maraqlı suallarına cavab vermək daha məqbuldur”.











