
Bu ilin son günü – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Əfv Komissiyasının üzvü, Əliməmməd Nuriyev açıqlama verib. Onun sözlərinə görə, hər il olduğu kimi bu ilin sonunda əfv sərəncamının imzalanması gözlənilir. Ə.Nuriyev bildirib ki, ölkə başçısı bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu əfv edəcək: “Bir qayda olaraq, Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən istifadə edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz azadlığına və ailəsinə qovuşub”.
O daha sonra bildirib ki, əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan müraciətlər çeşidlənərək öyrənilərək, müvafiq arayışlar hazırlanır.
Gununsesi.info










