Gələn il iqtisadiyyatı nələr gözləyir? - NATİQ CƏFƏRLİNİN TƏHLİLİ

  • Müəllif: admin
  • 27 Dekabr 2016 16:32

natiq

2017-c ildə ölkə iqtisadiyyatını nələr gözləyir? Bununla bağlı ekspertlərin gözləntilərinə dair fikirlərini təqdim etməkdə davam etdirik.

Bu dəfə Gununsesi.info-ya iqtisadçı-ekspert Natiq Cəfərli dəyərləndirmə aparacaq.

2017-ci ildə iqtisadi fəlakət gözlənilir

N.Cəfərlinin sözlərinə görə, gələn il 2016-ci illə müqayisədə heç də asan bir il olmayacaq: “Əsasən də iqtisadi proseslərə baxdıqda belə bir nəticəyə gəlmək mümkündür. 2016-ci ilin çox ağır bir olduğunu dövlət rəsmiləri də etiraf edirlər.

Bu il Azərbaycan iqtisadiyyatının dağılması ilə yadda qaldı, ümumi daxili məhsul 4 faizə qədər azaldı. Bu, MDB məkanında ÜDM-i ən çox azalan ölkə statusu qazanmağımıza rəvac verdi. Təəssüf  ki, dünya da iqtisadiyyatı daralan ölkələr sırasına düşdük.  Rəsmi inflyasiya 12 faiz civarında oldu. 2009-u ildən bəri ilk dəfədir ki, ikirəqəmli inflyasiya baş verdi.

Maliyyə sektorunda ciddi təlatümlər yaşandı, bir neçə bank bağlandı, gələcəkdə də bu prosesin davam etmə ehtimalı yüksəkdir. İlin sonun yaxın manatın məzənnəsi ilə bağlı vəziyyət daha da kəskinləşdi, xarici valyutaya çıxış imkanları məhdudlaşdırıldı. Yaranmış məhdudiyyətlər “qara bazarın” inkişafına şərait yaratdı. Manatın rəsmi məzənnəsi dollar qarşısında təqribən 15 faiz dəyər itirdi.Makroiqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan çox ağır bir ili arxada qoydu”.

N.Cəfərli bildirir ki. Bu problemləri xroniki olaraq gələn ilə daşıyırıq: “2016-ci ildə sağlam addımlar  atılmadığı üçün 2017-ci ildə hansısa irəliləyişin olacağını düşünmürəm. Müəyyən bir yol xəritəsi qəbul olundu, bir sıra hədəflər müəyyən olundu. Lakin bu hədəflər sırasında hansı addımların atmaq lazım olduğunu, hesablanmış bir proqramı görə bilmədik”.

İqtisadçı qeyd edir ki, 2017-ci ilin əsas problemləri tədiyyə balansı və bank sektoru olacaq: “Çox güman ki, gələn il də bankların birləşdirilməsi və bağlanması prosesi davam edəcək. Digər önəmli məsələ manatın məzənnəsi ilə bağlı olacaq. Hökumət  tam “üzən məzənnə” adı altında yeni bir formulaya keçməyi düşünür.  Bu isə manatın daha sürətli dəyərdən düşmə ehtimalını artırır. Ona görə də, gələn il üçün də manatın dəyərdən düşməsi davam edəcək. Dollar və manatın daha sərbəst alqı-satqısına keçid təmin olunmasa, bu, bir çox fəlakətlərə gəritib çıxara bilər. Belə ki, bu, “qara bazar”ın inkişafı ilə yanaşı, idxaldan asılı bir sıra məhsulların qiymətinin artmasına da səbəb oldu. Çünki “qara bazar”da qiymətlər daha yüksəkdir.

Eyni zamanda, bu proses qıtlığa səbəb ola bilər.  Yəni iqtisadiyyatın bir çox sahələrində problemlərin yaşanacağını demək mümkündür.  Eyni zamanda bahalaşma ticarət dövriyyəsini zəiflədir, on minlərlə insanın gəlirlərinə təsir göstərir. 2017-ci ildə cari ilə nicbətən daha kəskin problemlərlə qarşı-qarşıya qala bilərik”.

Neftin qiyməti bahalaşmayacaq

Hökumətin əsas ümid yeri neftin qiymətində sıçrayışların ola biləcəyidir. Yəni ümidlər yalnız neftin bahalaşmasına qalıb. N.Cəfərlinin sözlərinə görə, neft bahalaşarsa, həm manat, həm də iqtisadiyyat müəyyən qədər rahat nəfəs ala bilər: “Amma bu gözləntilər özünü doğrultamaya da bilər. Çünki neftin qiymətinə təsir göstərə biləcək kifayət qədər məqamlar var. Birincisi, OPEC və Rusiya arasında gedən danışıqlar bir həddə qədər qiymətləri qaldıra bildi. Müəyyən müdaxilələrlə neftin qiyməti 55 dollara qədər qalxdı. Amma real addımlar atılmayıb və belə bir addımların atılması ehtimalı çox aşağıdır. Çünki Rusiyanın buna nəzarət mexanizmləri yoxdur. Bir sıra neft ölkələr-İran və Nigeriya bu anlaşmaya, ümumiyyətlə qoşulmayıb və onların hasilatı artıracağı gözlənilir. Bundan əlavə, neftin qiymətinin artması ilə əlaqədar olaraq, ABŞ-da neftin hasilatının artırması tendensiyasını yaradıb,  yeni istifadəyə verilmiş quyuların sayı artıb. Hər həftə slans yataqlarında təqribən 10-15 quyu qurğuları quraşdırılır.

Bununla paralel, FED-in uçot dərəcələrini 3 dəfə artırmaq planları da neftin qiymətinin ucuzlaşmasına təsir edəcək əsas amillərdən birinə çevirəcək. Bütün bu prosesləri nəzərə alsaq, neftin qiymətində sıçrayışların baş verməsi ehtimalı çox aşağıdır. Hətta gələn il üçün “qara qızıl”ın qiymətinin 45-50 dollara qədər enmə ehtimalları da var. Bu baxımdan Azərbaycan hökumətinin ümidlərini neftə bağlaması özünü doğrultmaya bilər, əksinə daha böyük  problemlərə yol aça bilər. Azərbaycanda neft amilini tamamilə unudaraq, yeni bir model qurmaq lazımdır.  Doğrudur, elə bir sehirli çubuk yoxdur ki, bu dəyişikliklərə bir ilin içində nail ola biləsən. Neft gəlirləri yüksək olan vaxtlarda hökumət böyük bir şansı itirdi, qeyri-neft üzərində qurulan bir iqtisadi model yarada bilmədi. İndi hökumət idarəetmədə daha kəskin və radikal addımlar atmalıdır ki, iqtisadiyyatda da effekt versin”.

Vüsalə Rüstəmova

Gununsesi.info