İnsanlar geyinmədikləri paltarları hara verməlidir? - FOTO

  • By Günel
  • 21 Avqust 2025 16:06

İnsanlar geyinmədikləri paltarları hara verməli? Çoxumuz belə halla üzləşmişik. Geyinmədiyimiz, istifadə etmədiyimiz paltarları ya qohumumuza, ya qonşumuza və ya tanışımıza, yaxud da elə tanımadığımız insanlara bağışlamışıq. Bəzi insanlar asanlıqla ya özünə və ya övladı üçün geyinilmiş paltarı dili ilə istəyir, ancaq elə insanlar var ki, ehtiyacı olsa da köhnə paltarları almağa utanır, özünə sığışdırmır. Belə olan halda bunun üçün hara müraciət etmək lazımdır? Elə bir xeyriyyə cəmiyyəti, etibar ediləsi bir təşkilat varmı, insanlar geyinmədiyi paltarları o quruma bağışlasın ki, ehtiyacı olan insanlar da istifadə etsin.

Digər bir məsələ insanlar rahat şəkildə bir-birinə geyim verə bilərmi? Eyni zamanda kiminsə əşyasını alıb istifadə edə bilərikmi? Çünki hər bir insanın öz energetikası var. Bunun fəsadı ola bilərmi?

“İnsan istifadəsində olan hər bir əşyada öz enerjisindən orda özündən asılı olmayaraq bir əlamət qoyur”

Bunu Gununsesi.info-ya açıqlamasında astroloq Firudin Qurbansoy insanlar geyinmədikəri paltarları rahat şəkildə bir-birinə bağışlaya bilərmi sualına münasibət bildirərkən deyib.

O bildirib ki, insanların geyindikləri paltarlarda mütləq enerjisi hopur:

“Hər gün qələmlə yazan, yaxud kompüterdə işləyən insanın orda enerjisi qalır. O ki ola paltarlar. İnsanların geyindikləri paltarlarda mütləq enerjisi hopur. Bir sıra xarici ölkələrdə, eyni zamanda bizim ölkəmizdə də ikinci əl (second hand-red) deyilən dükanlar açılırdı. Adətən Hindistandan gətirilən paltarlar satılırdı. Camaat baxırdı ki, bunun qiyməti fərz edək ki, əsl qiyməti 1000 manatdır, ancaq burda 300 manata satılır. Əlbəttə alırdılar. Hindistanın da elə bir iqtisadi potensialı yoxdur, ona görə də yeni rəhmətə getmiş adamların paltarlarını xüsusi idarələrə təqdim edirdilər, o təqdimatdan sonra da həmin paltarları xarici ölkələrə satırdılar, o cümlədən də həmin paltarlar Azərbaycana gəlirdi. Bu çox təhlükəlidir. Birinci növbədə rəhmətə gedən insanın vampir energetikası həmin paltarlara çöküb. İnsanlar da o paltarı geyinəndə ya qəfildən ölüb, ya xəstəlikdən. Həmin o vampir enerji o paltarı geyən adamın canına hopur və birmənalı olaraq ona xəstəliklər gətirir. Bir də görürsən ciddi xəstəliyi olmayan adam xoşagəlməyən bir xəstəliyə tutuldu və tezliklə dünyasını dəyişdi. İnsanlar da bunu səbəbini başqa-başqa yerlərdə axtarıblar. Halbuki, bunun səbəbi məlumdur. Mən məsləhət bilməzdim ki, kimsə kiməsə öz paltarını bağışlasın.

Şəxsən mənim həyatımda əsgərlik vaxtı belə bir hadisə baş vermişdir. Əsgər yoldaşı adama doğma qardaşından da yaxın olur. Məndə iki geyim var idi. O məndən xahiş etdi ki, paltarı quruyana qədər paltarımı ona geyinməyi verim. İnanarsız, ya yox o paltarı əsgər yoldaşım geyinəndən sonra, mən o paltarı geyinə bilmədim. Ona görə ki, o paltarı geyinəndə bədənim səpdi. Ondan sonra paltarımı heç kəsə vermədim. Yəni ondan sonra anladım ki, paltarı heç kəsə vermək olmaz. Saatdı, köynəkdi, xüsusən bədəni dəyən  nə varsa bunu başqasına vermək düzgün deyil”.

Sosioloq, fəlsəfə elmləri doktoru Mail Yaqub da insanlar geyinmədikləri paltarları hara verməli sualına münasibət bildirib:

“Mən belə bir qurum, təşkilat eşitməmişəm. Amma olması vacibdir. Təkcə bu sahədə deyil, ümumiyyətlə xeyriyyəçilik cəmiyyətdə təbliğ olunmalıdır-dəb halına gətirilməlidir. İnsanlar xeyriyyəçilik etməkdən qoxmamalıdırlar, çəkinməməlidirlər. Buna mühit yaradılmalıdr, bu işlər təşviq olunmalıdır. Bizim bəyənmədiyimiz Avropada, Amerikada xeyriyyəçilik bizdəkindən qat-qat üstündür. Orda dövlət tərəfindən bu işləri görməyə təşviq var. Azərbaycanda xeyriyyəçi adamlar çoxdur, amma bunlar vüsət almalıdır. İmkanlı insanlar xeyriyyəçilik etməyi özlərinə faydalı məşğuliyyət kimi qəbul etməlidirlər. Bu hələ bizdə təəssüf dəb olmayıb. Əlbəttə köhnə paltarları vermək üçün qurum olsa yaxşı olar. Təkcə bir dənə yox, onlarla belə qurum olmalıdır ki, belə bir işlərlə məşğul olsunlar. Ehtiyacı olan insanlar ikinci əl paltarları ordan rahatlıqla ala bilsinlər.

Həyat müvəqqətidir. Bu müvəqqəti həyatda biz kiməsə əl tutmağı özümüzə borc bilməliyik”.

Günel Həsənova

 Gununsesi.info