Süni intellekt jurnalistikanı necə dəyişdirə bilər? -RƏYLƏR

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Akademiya süni intellektin inkişafı və tətbiqi sahəsində fəaliyyət göstərəcək.

Bu addım media və informasiya sahəsində yeni imkanların ortaya çıxmasına səbəb ola bilər.

Bəs bu yenilik jurnalistikaya hansı üstünlükləri gətirə və hansı riskləri ortaya çıxara bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli vurğulayıb ki, Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması çox vacib bir addımdır:

“Son illər dünyada ən çox müzakirə olunan mövzulardan biri məhz süni intellektlə bağlıdır və bir çox ölkələr bu sahədə qanunlar qəbul ediblər. Süni intellektin həm müsbət, həm də mənfi tərəfləri geniş şəkildə müzakirə olunur.
Bu baxımdan, Azərbaycanın da bu proseslərdən geri qalmaması vacibdir.

Dövlətimizin bu istiqamətdə təşəbbüsləri mövcuddur. Xüsusilə süni intellekt mövzularının Şuşa Qlobal Media Forumunda müzakirəyə çıxarılması və bu sahəyə ayrıca panelin həsr olunması Azərbaycanın bu sahəyə verdiyi önəmi göstərir.

Süni İntellekt Akademiyasının yaradılması gənclərimizin bu sahəyə marağını artıracaq, onların potensiallarını ortaya çıxarmalarına, özlərini realizə etmələrinə və dövrün tələblərinə uyğun olaraq süni intellekt sahəsində peşəkarlaşmalarına şərait yaradacaq”.

Hacıbəy Heydərli  vurğulayıb ki, ən önəmli faktorlardan biri süni intellektin mediaya necə təsir edəcəyidir:

“Artıq sosial şəbəkələrdə süni intellektin imkanlarından mənfi məqsədlərlə istifadə halları müşahidə olunur. Məsələn, deepfake videoların yaradılması, məlumatların təhrif edilməsi, foto və videoların dəyişdirilməsi kimi hallar artır.
Bu baxımdan, süni intellekt inkişaf etdikcə, onun həm müsbət, həm də mənfi tərəfləri güclənir. Təəssüf ki, bəzi qüvvələr bu mənfi tərəflərdən istifadə edərək Azərbaycanın informasiya məkanında məqsədyönlü fəaliyyət göstərirlər.

Süni İntellekt Akademiyasının yaradılması isə media sahəsində gənclərin peşəkarlaşmasına və bu sahədə aktiv iştirakına şərait yarada bilər. Akademiyanın tələbələri gələcəkdə böyük şirkətlərdə çalışacaq, lakin onların media sahəsində də ön planda olması və yaratdıqları kontentlərin paylaşılması, yanlış məlumatların qarşısını almaqda mühüm rol oynaya bilər”.

 

Mövzu ilə  Gununsesi.info-ya danışan təhlilçi-jurnalist Ceyhun Alışlı mövzunu belə şərh edib:

“Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması son illərin ən diqqətçəkən təşəbbüslərindən biridir. Bu yenilik, təbii ki, təhsil, elm, iqtisadiyyat, idarəetmə kimi bir çox sahəyə təsir edəcək. Amma jurnalistika üçün xüsusilə maraqlı və önəmlidir. Çünki media hər gün informasiya ilə işləyir, xəbəri vaxtında çatdırmaq, dəqiqlik və obyektivliklə təqdim etmək məsuliyyəti daşıyır. Bu baxımdan süni intellekt jurnalist üçün həm güclü köməkçi, həm də ehtiyatla yanaşılmalı bir vasitə kimi qəbul olunmalıdır.

Əvvəla, süni intellektin ən böyük üstünlüyü sürət və operativlikdir. Düşünün ki, bir redaksiyaya eyni anda onlarla məlumat daxil olur. Əvvəllər bunların seçilməsi, qısa xəbər formasına salınması çox vaxt aparırdı. İndi isə süni intellekt ilkin mətni hazırlaya, faktları qruplaşdıra və jurnalistə hazır baza təqdim edə bilər. Dünyada artıq bu praktika tətbiq olunur. Məsələn, “Associated Press” idman nəticələrini və maliyyə hesabatlarını süni intellektlə yazır”.

Ceyhun Alışlı bildirib ki, Azərbaycanda da bu üsul genişlənsə, jurnalistlərin vaxtı qənaət olunacaq və onlar daha analitik mövzulara yönələ biləcəklər.

“İkinci üstünlük dil məsələsidir. Hazırda bəzi xəbər agentlikləri və portallar məlumatları ingilis, rus və digər dillərə çevirir, amma bu, əlavə əmək və vaxt tələb edir. Süni intellekt bu prosesi saniyələr içində həyata keçirə bilir. Təsəvvür edin ki, Azərbaycan həqiqətləri ilə bağlı xəbərlər eyni anda həm ölkədə, həm də beynəlxalq auditoriyada yayımlanır.
Üçüncü fayda isə yaradıcılıq dəstəyidir. Süni intellekt jurnalistə mövzu ideyaları verə, mətni daha aydınlaşdırmaqda kömək edə bilər. Bu xüsusən gənc jurnalistlər üçün çox faydalıdır. Çünki onlar həm vaxt qazanır, həm də yazını daha peşəkar formada təqdim etmək imkanı əldə edirlər.

Bütün bu imkanlarla yanaşı, süni intellektin jurnalistikaya riskləri də var. Ən birinci problem etibarlılıqdır. Süni intellekt bəzən olmayan faktı varmış kimi təqdim edə bilir. Məsələn, “ChatGPT” və digər oxşar sistemlərdən istifadə edənlər bilirlər ki, bəzən süni intellekt mövcud olmayan bir şəxsdən sitat gətirə və ya uydurma statistika təqdim edə bilər. Əgər jurnalist ona tam güvənsə, bu, ictimaiyyətə yanlış xəbərin ötürülməsinə səbəb olar.
İkinci risk peşəkarlığın zəifləməsidir. Texnologiyaya həddindən artıq arxalanmaq jurnalistin öz analitik düşüncəsini, hadisəyə insani yanaşma qabiliyyətini zəiflədə bilər. Halbuki jurnalistikanın dəyəri təkcə məlumatı çatdırmaqda deyil, həm də hadisəni hiss etməkdə, onun arxasındakı həqiqəti görməkdədir. Məsələn, 44 günlük Vətən müharibəsi ilə bağlı xəbərlərdə süni intellekt faktları sadalaya bilər, amma müharibınin emosional tərəfini, insanların hansı hislər keçirdiyini, yaşadıqlarını yalnız jurnalist təsvir edə bilər.

Üçüncü məsələ isə iş yerlərinə təsirdir. Dünyada artıq bəzi media qurumlarında standart xəbərləri süni intellekt yazır. Əgər bu proses Azərbaycanda da geniş yayılsa, bəzi redaksiyalarda jurnalistlərə ehtiyac xeyli azala bilər. Bu isə peşənin gələcəyi ilə bağlı yeni suallar doğurur”.

Jurnalistin sözlərinə görə, Süni İntellekt Akademiyası jurnalistikaya da həm imkan, həm də məsuliyyət gətirir.

“Əgər bu texnologiyadan düzgün istifadə olunarsa, xəbərlər daha tez, dəqiq və çoxdilli formada təqdim oluna bilər. Amma süni intellekti jurnalistin yerinə qoymaq olmaz. Çünki süni intellekt yalnız məlumatı emal edir, amma hadisənin ruhunu, insan baxışını, milli mövqeyi yalnız jurnalist çatdıra bilər. Bir sözlə, süni intellekt “köməkçi” rolunda qalmalıdır, jurnalist isə həqiqəti çatdıran əsas tərəf olmalıdır. Bu halda həm medianın keyfiyyəti yüksələcək, həm də cəmiyyət daha obyektiv və etibarlı informasiya əldə edəcək”-deyə o fikirlərini yekunlaşdırıb.

 

Şəbnəm Rəhimova

Gununsesi.info