Apellyasiya Məhkəməsi AXCP funksionerini həbsdə saxladı

  • By admin
  • 08 Avqust 2020 15:01

 

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsindən verdiyi şikayəti təmin etməyib.

Gununsesi.info xatırladır ki, o, iyulun 15-də “Qarabağ aksiyası” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələr üzrə fəalı 20 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Apellyasiya Məhkəməsində Məmməd İbrahim həbsinin əsassız və qanunsuz olduğunu bildirib. O qeyd edib ki, iyulun 14-15-də keçirilən aksiyada, ümumiyyətlə iştirak etməyib və heç kimi bu nümayişə göndərməyib, hansısa qanunsuz hərəkətlərə təhrik etməyib.

Məhkəmə fəalın günahını təsdiq edən hər hansı səhih sübutların olmaması barədə müdafiə tərəfinin dəlillərinə baxmayaraq, şikayəti təmin etməyib.

Məmməd İbrahimin vəkili deyib ki, qətimkan tədbirinin seçilməsi və ya ondan şikayət verilməsi ilə bağlı məsələlərdə ali instansiya Apellyasiya Məhkəməsidir.