AB missiyasının Qafqazda nə kimi siyasi təsirləri olacaq? – TƏHLİL

  • By arzu
  • 22 Oktyabr 2022 17:36

Mövzu ilə bağlı siyasi partiya təmsilçiləri siyasi fikirlərini bölüşüblər

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı parlamenti Ermənistan-Azərbaycan sərhədinə 40 nəfərlik mülki missiya göndərib.
Artıq həmin missiyanın təmsilçiləri sərhədin Ermənistan tərəfinə səfər edib.

Gununsesi.info Avropa Birliyi mülki müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşməsi münaqişənin həllinə nə kimi təsir göstərə bilər? mövzusunda siyasətçilərdən mövqe alıb. Bütövlükdə, Cənubi Qafqazdakı siyasi-diplomatik tarazlıqlar və Azərbaycanın burada xarici siyasətin hesablanmış və çoxtərəfli konturlarının cızılması baxımdan qazancı və itkisi nə ola bilər? Gerçəkdənmi bu addımı atmağa ehtiyac vardı? Mövzu ilə bağlı siyasi partiya təmsilçilərinin təhlillərini və fikirlərini sizə təqdim edirik:

HTML tutorial

 

Kamran Məmmədli – AĞ Partiyanın Mərkəzi Aparatının rəhbəri

 

Mövzu ilə bağlı AĞ Partiyanın Mərkəzi Aparatının başçısı Kamran Məmmədli isə vurğulayır ki, erməni tərəfində yerləşdiriləcək bu mülki missiyanın yerləşdirilməsində əsas məqsəd Azərbaycanın növbəti mümkün sülhə təhrik etmə əməliyyatlarının qarşısının alınması üçündür. Məmmədli Paşinyan hakimiyyətinin buna razı olma səbəbi bu şəkildə əsaslandırır.

“Bildiyiniz kimi , Aİ-nın 40 nəfərdən ibarət mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinin Ermənistana aid tərəfinə göndərilməsi hələ 7 Oktyabr tarixində Praqada ölkə liderlərinin görüşündə razılaşdırılmışdı. Praqada hətta bu missiyanı Azərbaycan tərəfinə göndərmək cəhdləri olsa da, dövlətimiz tərəfindən qətiyyətlə rədd edilmişdi.
Ermənilər elə düşünürlər ki, 40 Avropa təmçilçisinin sərhədlərdə olması, onların dövlətimizə qarşı təxribatlarında, bizim buna göz yummağımıza səbəb olacaq. Fikrimcə, Azərbaycanın mümkün hərbi əməliyyatları olarsa, bu Aİ-yə öncədən xəbər verildikdən və misiya nümayəndələrinin oradan evakuasiyasından sonra baş verəcək”, deyə siyasətçi söyləyir.

Ağ Partiya rəsmisi xüsusi olaraq vurğulayır ki, Paşinyanın bu hərəkəti Rusiyanın  bölgədəki mövqelərini zəiflədərək təcrid olunmasına xidmət edir ki, bu da onların Rusiya ilə əlaqələrinin kəskin pisləşməsinə səbəb olacaq.

“Xatırladaq ki, Nikol Paşinyan sərhədə beynəlxalq missiyanın dəvət olunması təklifi ilə əvvəllərdə çıxış etmişdi və o zamanlar onun bu təklifi Rusiya tərəfindən kəskin etirazla qarşılanmışdı. Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti bu dəfə daha qətiyyətli mövqe sərgiləməkdədir”, – deyə siyasətçi açıqlayır.

Kamran Məmmədlinin fikrincə, belə bir durumda Ermənistanın Rusiya ilə əlaqələrinin pisləşməsi indiki məqamda (sülhməramlıların bizim ərazilərdə olduğu müddətdə) Azərbaycanın xeyrinə olan amildir və dövlət bundan maksimum dərəcədə istifadə etməlidir.

“Həmçinin diqqət çəkən digər məqam isə, hər dəfə “Biz Azərbaycan sərhədlərində xarici güvvələrin olmasından narahatıq”, deyən İranın bu dəfə analoji addımın Ermənistan tərəfindən olmasına susmasıdır.Halbuki Ermənistan Qərbdən, İrana düşmən olan ölkələrdən məhz onun sərhədinə müşahidəçilər yığır. Bu məsələyə rəsmi Tehran hələ də susmaqdadır”, – deyə Aparat rəhbəri bildirir.

Nəticə olaraq, Kamran Məmmədli fikirlərini bu cür tamamlayır: “Bütün bunlar bir daha bizə onu göstərir ki , bölgədə bizim yeganə etibar edə biləcəyimiz dost və qardaş ölkə Türkiyədir. Bizdə AĞ Partiya olaraq son zamanlar dövlətimizin Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə saxlanılmasını doğru hesab edirik və ümidvarıq ki, Zəngəzur dəhlizinin açılması ilə bu qardaşlıq daha da möhkəmlənəcək”.

 

Natiq Cəfərli – Re Al Partiyasının İcra Katibi

 

Natiq Cəfərli bildirir ki, Azərbaycan-Ermənistan sərhədinə AB Birliyinin müşahidəçi missiyasının 2 aylıq müddətə yerləşdirilməsi Şarl Mişetlin təşkilatçılığı ilə baş tutan İlham Əliyevlə Paşinyanın son görüşündə gəlinmiş razılıqdır. “Azərbaycan tərəfi buna etiraz etmədi. Ancaq haqlı olaraq, mülki müşahidəçilərin Azərbaycan tərəfdə deyil, Ermənistan tərəfində yerləşməsinə etiraz etmədi. Ora Ermənistanın öz ərazisidir, ona görə də, bizim prinsipial olaraq bir etirazımız olmadı”, siyasətçi vurğulayır.

Cəfərli söyləyir ki, Azərbaycan hökumətinin bu qərarı,doğru və maraqlı qərar oldu. Onun fikrincə, faktiki olaraq Avropa Birliyindən gələn mülki geyimli geyiml müşahidəçilər olsa da, onların hamısı NATO dövlətlərinin təmsilçiləri olacaq.

“Ehtimal ki, onların içində mülki geyimli hərbçilər də olacaq. İndi bir anlıq düşünək ki, Ermənistan tərəfdə sərhəddə Rusiyanın ordusu, hərbi bazası var. Hətta rusların Ermənistan-Azərbaycan sərhədinə yaxın yerlərdə məskunlaşdığı bölgələr var və bu konfiqurasiyada, belə bir durumda NATO üzvü olan ölkələrin mülki geyimli olsa belə, nümayəndələrinin həmin bölgədə peyda olması, gəlməsi, mənə elə gəlir ki, Rusiyanın heç xoşuna gəlməyəcək. Bu da Rusiya Ermənistan arasındakı münasibətlərin daha da artmasına səbəb olan amilə çevrilə bilər. Yəni, burada siyasi olaraq bu gedişlə artıq Azərbaycan tərəfinin bu gedişi Rusiya-Ermənistan arasında gərginliyinin daha da artmasına səbəb olan bir addımdır”, siyasi partiya rəsmisi deyir.

Natiq Cəfərlinin sözlərinə görə, digər tərəfdən, Rusiyanın bu bölgədə yeganə moderator və mübahisələrin əl mərciyi olması ona daha çox təzyiq vasitələri qazandırır. Ona görə də, AB-nin iki xətt üzrə danışıqların aparlmasında Azərbaycanın əlini gücləndirə bilər. ReAl-çı sonra sual edərək bunun təhlükələri nədən ibarətdir, – deyə həmin sualı bu şəkildə cavablandırır: “Məncə, Ermənistanın tərəfinin bu addımının əsas qayəsi 2 aydan sonra Azərbaycanı günahlandıra biləcək bir sənədin ortalığa çıxmasıdır. Yəni, elə bir hesabat hazırlatmağa çalışacaqlar ki, Azərbaycan günahkar tərəf kimi görünsün. Ona görə də, bu 2 ay ərzində daha diqqətli olmaq lazımdır. Çünki təxribatların Ermənistan tərəfdən birə-on arta bilər. Və onlar hərbi təxribat etdikdən sonra Azərbaycan cavab atəşi açdıqda, bunu “Ermənistana təcavüz” kimi göstərməyə çalışacaqlar”.

Partiyanın İcra Katibi bu məsələnin diqqətdə saxlanılmasının önəmli olmasını açıqlayaraq deyir: “Azərbaycan tərəfi Ermənistan tərəfdə çalışacaq bu missiyaya etiraz etməsə də, bu doğru addım olsa da, həmin missiyanın tərkibində olan ölkələrin təmsilçiləri ilə birbaşa olmasa da, onların hökumətləri ilə iş qurmaq olar, məncə. Çünki həmin missiya müşahidəçiləri öz ölkələrində bəlli ixtisaslar üzrə vəzifələrdə çalışan insanlar olacaqlar”.

Siyasətçinin fikrincə, həmin ölkələr vasitəsi ilə həmin missiyanın işinin daha obyektiv olması üçün cavab işləri görmək lazımdır. Bunun üçün çox çevik və diplomatik addımlar atılmalıdır. O, fikirlərini izah edərək vurğulayır ki, həmin ölkələrin XİN və digər qurumları ilə görüşlər keçirilməlidir.

Cəfərli düşünür ki, gələn təmsilçi heyətin arasında Azərbaycana çox yaxı münasibət göstərən ölkələr də olacaq, bundan istifadə etmək lazımdır.

“Sonuc olaraq, rəsmi İrəvan bu missiyanın vaxtının uzadılmasına çalışacaq. Buna çox güman ki, Azərbaycan etiraz edəcək və etməlidir də. İkincisi isə, iki ayın tamamında Azərbaycanı suçlaya biləcək durumların olmaması üçün Azərbaycan bu iki ay boyunca erməni təxribatlarına qarşı daha həssas və doğru davranmalıdır. Bəlkə həmin bölgələrdə özümüzün istəyimizlə on-line video kameraların quraşdırılmasına, video çəkilişlərin edilməsinə ehtiyac var ki, sabah əlimizdə sübutlarla istənilən provokativ iddiaların kəsə bilək”, – deyə Cəfərli vurğulayır.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 

 

Siyasi partiya sədri Sədar Cəlaloğlu AB-nin göndərdiyi missiyanın mülki olduğunu vurğulayaraq, söyləyir ki, Avropa təmsilçiləri Azərbaycan və Ermənistan arasındakı həqiqəti öyrənmək istəyirlər.

Siyasətçi bu baxımdan da, Azərbaycanın həmin komissiyaya ciddi məlumatları verməsinin lazımlığını vurğulayaraq iki ölkə arasındakı torpaq məsələsinin 3 fərqli maddəsini açıqlayır: “Özəlliklə də, bizim Ermənistanla torpaq məsələmizin bir-birindən fərqli 3 problemi var. Birincisi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qazaxın kəndləri, Naxçıvanın və Zəngilanın kəndləri. İkincisi, Sovetlərin vaxtında bizdən qoparılıb Ermənistana verilən torpaqlar. Üçüncüsü isə, Ermənistan tərəfindən rəsmiləşdirilməmiş, Azərbaycana aid olan torpalqarın Ermənistan tərəfindən zəbt edilməsidir. Azərbaycan hökuməti bununla bağlı konkret faktlar ortaya qoymalıdır”.

Partiya rəsmisi misal gətirərək vurğulayır ki, Ermənistan BMT-nin üzvü olarkən 29 min km² idi, indi bu ərazi 30 km²-dir.

“O zaman, sual olunur ki, bu yerdə qalan ərazilər kimindir? Buna görə də, Azərbaycan beynəlxalq ictimaiyyətin onun əleyhinə qalxmasının qarşısını almaq üçün mülki missiya ilə ciddi şəkildə əməkdaşlıq etməlidir. Rusiya bunun qəti əleyhinə çıxır. Çünki Rusiya burada hər şeyi öz maraqları baxımdan həll etmək istəyir”, – deyə Cəlal oğlu açıqlayır.

 

Onun sözlərinə görə,Azərbaycan bunun qarşısını alan addımlar atmalıdır ki, məsələni öz xeyrinə həll edə bilsin. Cəlaloğlu təklif edir ki, bu məsələnin Rusiyanın tam nəzarəti altına keçməsinə imkan verməmək lazımdır.

“Dediyim kimi, Ermənistan-Azərbaycan arasındakı torpaq məsələlərinin mahiyyəti ilə bağlı həmin mülki missiya vaxtlı-vaxtında faktlar və xəritələrlə məlumatlandırılmalıdır. Əks halda, biz bu əməkdaşlığı etməsək, onlar Ermənistanın təktərəfli verdiyi materiallar əsasında yanlış rəylər verəcək ki, bu da gələcəkdə Avropanı bizə qarşı qaldırmağa və haqlı mübarizəmizdə haqsız bir duruma düşməyimizə gətirib çıxaracaqdır”, – deyə o fikirlərini tamamlayır.

Qeyd edək ki, Avropa İttifaqının göndərəcəyi müşahidəçi missiyanın tərkibində Almaniya da iştirak etmək istədiyini açıqlayıb. Bütövlükdə, 400 nəfərlik həmin heyətin içində NATO-ya üzv olan ölkələrin müşahidəçilərinin Ermənistanın Azərbaycanla sərhədə yerləşdirilməsi erməni Baş nazir Nikol Paşinyanın razılığı əsasında reallaşıb.

 

Xatırladaq ki, AB-nin mülki müşahidəçi missiyası ilə bağlı dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bu fikirləri səsləndirib:

“Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək”.

 

Arzu Sayadoğlu 

Gununsesi.info