“Bu yaxınlarda eşitdim, deyirlər ki, Azərbaycanda güclü futbol klubu yoxdu, biz də rəqabət hiss edək, səviyyəmizi artıraq. Amma o gün “Qarabağ” getdi Qəbələyə və məğlub oldu. Dedim ki, al, bu da sənə rəqabət”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl deyib. Onun sözlərinə görə, Qurban Qurbanovdan hesabları tez-tez soruşmur. A.Gözəl bu mövsüm çempionluq yolunda əsas rəqibləri olan “Qəbələ”ni də tərifləyib.
Gözəl qeyd edib ki, “Qarabağ”a maliyyə dəstəyi azaldılmayıb: “Qarabağ”a maliyyə dəstəyimizi azaltmamışıq. “Qarabağ” həm Azərbaycan, həm də bizim üçün qürur mənbəyidi. Mənim “hava atmaq”la işim yoxdu. Pul qazandıqca, onu son qəpiyinə qədər, cibimizə qoymadan, “Qarabağ”a xərcləyəcəyik. Nə vaxt ki, gücümüz tükənər, bayrağı endirərik, o zaman biri gəlib, bu bayrağı qaldırar. “Qarabağ”ı əlimizdən gəldiyi qədər dəstəkləməkdə davam edəcəyik. “Qarabağ” Azərbaycan üçün sıradan deyil, mənəvi klubdu. Bu komanda Dağlıq Qarabağın Azərbaycana aid olmasına bir sübutdu. Müxalif, təcavüzkar ölkə çox təəccüblənib ki, bu ad hardan çıxdı, nə etdilər, bunu hansı məbləğə almaq olar? Amma klubumuz satılmır. Biz onu saxlayacağıq, bu, bizim boynumuzun borcudur”.
“Qarabağ”ın son oyunlarına münasibət bildirən A. Gözəl bunları deyib: “O gün mən də bir az üzüldüm. Amma futbol belədi, futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya məğrurlaşır, ya da “havaya girirlər”. Eyni tempdə olmurlar. “Barselona” 900 milyon dollarlıq klubdu. O gün qarşısındakı rəqib 80 milyon dəyərində idi. Dedim ki, “Barselona” yüz faiz qələbə qazanar. Amma “Barselona”ya 4 qol vurdular. Belə şeylər məni bir az rahatladır. Klubun üstünə getməyə hazırlaşırdım. Daha qıymıram. Bu, Qurban müəllimin işidir. Qurban dövlət içində dövlətdi. Nə istəsə, edir. Gileylənəcəkdim, amma “Barselona”nın məğlubiyyətini gördükdən sonra fikrimi dəyişdim. O hərdən geri, hərdən irəli gedəcək. Amma “Qəbələ” də hazırda çox güclü klubdur. Belə bir komandanın olmağı həm “Qarabağ”ın, həm də “Qəbələ”nin xeyrinədir”.
Gülnaz Qənbərli
Gununsesi.info