Abid Şərifov: “Azərbaycan nəqliyyat infrastrukturuna 25 milyard dollar yönəldib”

  • By admin
  • 09 İyun 2016 13:18

Abidddd

“Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib”. Gununsesi.info-nun məlumatına görə, bu haqda baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Kabinetinin 44-cü sessiyasında çıxışında deyib. A. Şərifov qeyd edib ki, prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir: “Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib” – , deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir. A. Şərifov bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası da bu il başa çatacaq. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə çıxışında təşkilata üzv olan ölkələri əlaqələri genişləndirməyə çağırıb: “Bu, universal bir meydandır. Bu meydandan istifadə edərək biz iqtisadi inkişafımızı sürətləndirə bilərik. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik”. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə çıxışında Azərbaycanın hazırda bu sahədə reallaşdırdığı layihələrdən danışıb. Tədbir müzakirələrlə davam edib.

Mürtəza Bünyadlı