ABŞ Əfqanıstana əlavə olaraq 204 milyon dollar humanitar yardım ayırıb

  • By admin
  • 01 Aprel 2022 16:26

Birləşmiş Ştatlar əlavə humanitar yardım qismində Əfqanıstana 204 milyon dollar ayırıb.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

“Biz Əfqanıstan xalqını dəstəkləmək üçün təxminən 204 milyon dollar əlavə humanitar yardım ayırdıq və 2021-ci ilin avqustundan bu yana yardımın ümumi məbləğini 720 milyon dollara çatdırırıq”, – deyə bəyanatda bildirilir.

Ayrılan vəsait BMT-nin struktur bölmələri və beynəlxalq humanitar təşkilatlar vasitəsilə paylanacaq. Bu vəsait ərzaq və içməli su almaq, tibbi xidmətlər göstərmək, əfqan xalqını sığınacaq və hüquqi müdafiə ilə təmin etmək, həmçinin gender zorakılığı ilə mübarizəyə töhfə vermək və qonşu ölkələrdən qayıdan vətəndaşları dəstəkləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ öz silahlı qüvvələrini Əfqanıstandan çıxaracağı barədə qərarını elan etdikdən sonra “Taliban” hərəkatı ölkə üzərində nəzarəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. 2021-ci il avqustun 15-də “Taliban” paytaxt Kabilə döyüşsüz daxil olub və prezident Əşrəf Qəni ölkəni tərk edib. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisində nəzarəti ələ alıqlarını elan edən taliblər növbəti gün müvəqqəti hökumətin tərkibini açıqlayıb. Lakin Əfqanıstan hökuməti hələlik heç bir ölkə tərəfindən tanınmayıb.

Gununsesi.info