“ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır” -Elçin Mirzəbəyli

ABŞ-Azərbaycan münasibətlərində son dövrlərdə bir sıra dəyişikliklər baş verib.

Bayden administrasiyası dövründə yaranan problemlər Trump komandasının fəaliyyəti zamanı aradan qaldırılıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı sayılır.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Bayden administrasiyası dövründə yol verilən bir sıra yanlışlıqlar Trump komandasının fəaliyyəti zamanı ardıcıl şəkildə aradan qaldırılıb:

“Bu, həm ABŞ-dan Azərbaycana ünvanlanan məktublarda, həm də Amerika prezidentinin çıxış və müraciətlərində açıq şəkildə özünü göstərir.

Xankəndidə təşkil olunan forumla bağlı Donald Trump-ın paylaşımı da Birləşmiş Ştatlar prezidentinin Azərbaycan və onun liderinə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir.

Təbii ki, hazırkı şəraitdə Azərbaycan prezidentinin ABŞ-a səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq və buna heç bir şübhəm yoxdur”.

 

Deputatın fikrincə ABŞ-da keçiriləcək görüş Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində növbəti mərhələ ola bilər:

“Bu mərhələnin mütləq şəkildə sülh sazişinin imzalanması ilə yekunlaşacağını söyləmək hələ tezdir. Lakin hazırda iki ölkə arasında razılaşdırılmış bir mətn mövcuddur və həmin sənədin paraflanması istiqamətində həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri öz mövqelərini ifadə ediblər.

Bu baxımdan müvafiq addımların atılması ehtimalı da real görünür. Prosesin davam etdirilməsi və ya yekunlaşdırılması çərçivəsində hər iki ölkə arasında sənədin və ya birgə bəyanatın imzalanması da istisna edilmir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info