Azərbaycanla ABŞ arasında münasibətləri pozmağa çalışan qüvvələr daim olub. Belə araqarışdıranların fəaliyyəti nəticəsində 1992-ci ildə Birləşmiş Ştatlar Konqresində “Azadlığa dəstək haqqında” akta əlavə edilən və Vaşinqtonun Bakıya birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş qəbul olunub.
İki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışanlar sırasında ilk yerdə ABŞ-dəki erməni lobbisi durur. Elə qərəzli “düzəliş”in də qəbul olunması onların təşəbbüsü ilə reallaşıb.
Ancaq bugünlərdə dünyanın supergücünün Senatının yenidən həmin sanksiyanın tətbiqinə dair qərar qəbul etməsi, habelə Azərbaycanın bir sıra dövlət rəsmilərinin ABŞ-a səfərinə qadağaların qoyulması və s. bu kimi xoşagəlməz addımların atılmasına səbəbkar yenə həmin “oyunçular”, lobbidir.
Ötən müddət ərzində rəsmi Bakı Ağ evin müttəfiqləri ilə əməkdaşlığını davam etdirib, bununla da haqlı mövqeyini amerikalılara çatdırıb.
Noyabrın 27-də ABŞ-nin dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Dövlət başçısı telefon danışığı zamanı bildirib ki, Vaşinqtonun Azərbaycanla bağlı son bəyanatları və atdığı addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
O, noyabrın 15-də ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Vaşinqton rəsmisinin “ikitərəfli münasibətlərimiz əvvəlki kimi ola bilməz” bəyanatının nəzərə alındığı, bunun adekvat cavablandırıldığı telefon danışığı zamanı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dən olan yüksək səviyyəli səfərlərini ləğv etdiyini xatırladıb. Dövlət katibi A.Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təklifə bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin Birləşmiş Ştatlara səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılması şərti ilə razılıq verib. A.Blinken bu şərti qəbul edib.
Tərəflər Ermənistana təqdim olunan sülh təklifindən də danışıblar. Azərbaycanın 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təklifləri İrəvan noyabrın 21-də cavablandırıb. Bununla Ermənistanın danışıqlar prosesini uzatdığı vurğulanıb. Halbuki Baş nazir Nikol Paşinyan və dövlətin başqa rəsmiləri çıxışlarında, açıqlamalarında özlərini sülhsevər kimi göstərərək bu istiqamətdə müqaviləni imzalamağa hazır olduqlarını deyirlər.
Bu telefon danışığı bütövlükdə ABŞ-Azərbaycan münasibətlərinin, əməkdaşlığının vacibliyini göstərir. Bir daha təsdiqlənir ki, iki ölkə arasında normal münasibətlərin pozulmasına başlıca səbəb ştatlardakı erməni lobbisi, müxtəlif dövlət qurumları, konqresindəki onların havadarlarıdır.
Azərbaycan Cənubi Qafqazda ABŞ başda olmaqla Qərbin etibarlı tərəfdaşıdır. Bunu tərəflər arasında mövcud olan müxtəlif istiqamətdə icra edilən layihələr də isbatlayır.
Mayın 31-də ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanlandığı məktub əməkdaşlığın yüksək səviyyədə olduğuna nümunə sayıla bilər. Həmin məktubda Ağ evin indiki sahibi bildirib ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir: “Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır”.
Bu telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırıb. Rəsmi Vaşinqtonun mövqeyinin qərəzli olduğu təsdiqlənib. Belə danışıq sübut edir ki, Azərbaycanla bərabərhüquqlu, beynəlxalq hüquq, münasibətlər çərçivəsində əməkdaşlıq qurmaq daha faydalı olar. Tarixi hadisələr onu da isbatlayıb ki, rəsmi Bakının bu kimi məsələlərdə mövqeyi qətidir, prinsipialdır.
Antoni Blinkenin telefon zəngi Konqresin, Dövlət Departamentinin Azərbaycana qərəzli mövqeyinin etirafı da sayıla bilər.
Erməni lobbisi və havadarlarının Ermənistanın saxtakarlığını müdafiə etməsi, Azərbaycana qarayaxması Cənubi Qafqazda ABŞ-nin mövqeyinə mənfi təsir göstərib. Bu ona etibara zərbə vurub.
ABŞ-nin erməni lobbisinin mövqeyinə əsasən qərar qəbul etməsi, açıqlama yayması Dövlət Departamenti və Konqresin dövlətçilik ənənəsinə xəyanət də sayıla bilər. Demokratiyanın başlıca prinsipi müzakirədir. Bu qurumların həmin prinsipi gözləməməsi münasibətlərə çox ciddi zərbə vurub. Odur ki, sanksiyadan əvvəl danışıqlar, müzakirələr daha çox fayda verir.
Sədrəddin İsmayılov “Report”