
Son zamanlar Azərbaycanda insan haqları sahəsində yaranmış vəziyyət, xüsusilə tanınmış ictimai-siyasi fəalların həbsi beynəlxalq ictimaiyyətdə hökumətə qarşı tənqidlərə və çağırışlara səbəb olub. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və əmək məsələləri üzrə köməkçisinin müavini Coş Hak hakimiyyət rəsmiləri və insan haqları fəalları ilə bu sahədəki durumu müzakirə edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji Gununsesi.info-ya açıqlamasında ABŞ-ın Azərbaycanda insan haqları sahəsində müsbət dəyişikliyin olması üçün verə biləcəyi töhfədən danışıb.
Amerikalı diplomat bildirib ki, ölkəsi Azərbaycanı həm açıq, həm özəl olaraq öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşlarının insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırıb:
“Onu da qeyd edim ki, bu ay Bakıda olarkən dövlət katibinin köməkçisinin müavini Coş Hak azərbaycanlıların fundamental azadlıqlarını müdafiə edən hüquqşünaslar və insan haqları müdafiəçiləri ilə söhbət etdi”.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə Gununsesi.info-ya deyir ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təminatı dövlətin prioritetidir: “Azərbaycan dövləti öz vətəndaşının hüquqlarına hörməti başqa ölkələrdən daha yaxşı ifadə edir. Biz demirik ki, ideal durum var. Ancaq qanunvericilik bazamız, beynəlxalq təşkilatlarla əməkdaşlığımız buna bir nümunədir. Ötən illər ərzində insan hüquq və əsas azadlıqlarının təminatı sahəsində nə qədər islahatlar aparılıb”.
Pərviz
Gununsesi.info