ABŞ Azərbaycanla əməkdaşlığa layiqli dəyər verir - Şərh

  • By admin
  • 21 Mart 2022 14:33

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi ikitərəfli münasibətlərin ruhunu tam şəkildə əks etdirir. Bu, Prezident Əliyevin bir çox proseslərin sabitləşməsində göstərdiyi səylərə verilən qiymətdir”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Tofiq Abbasov bildirib.

Politoloq Azərbaycanın regional problemlərin həllində qibtə ediləcək manevr qabiliyyəti nümayiş etdirdiyini, həmçinin sülh və sabitliyin inkişafına töhfə verdiyini qeyd edib:

“Azərbaycan hər zaman sülhməramlı missiyaların yerinə yetirilməsinə kömək edib və məhz bu səbəbdən ölkənin mövqeyi aydındır. Bu mövqe dünyanın qabaqcıl oyunçularının böyük rəğbətini qazanıb. Müharibədən sonra yaranmış reallıqda biz hətta, təxminən, 30 il ərzində bütün regionu gərginlik altında saxlamış və danışıqları pozmaqla məşğul olmuş Ermənistana belə yardım əlimizi uzatmağa hazırıq. Azərbaycan hər şeyi qaydasına saldı. Buna görə də hazırda həm regional əməkdaşlıq, həm də inteqrasiya ilə bağlı bütün məsələlərə rəsmi Bakı nəzarət edir”.

Tofiq Abbasov vurğulayıb ki, ABŞ Azərbaycan ilə əməkdaşlığın yüksək potensialına layiqli dəyər verir: “Bu yaxınlarda Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olundu. Bu münasibətlər tamamilə effektivdir. Həm rəsmi Bakı, həm də Vaşinqton regional və ikitərəfli əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir”.

Gununsesi.info