ABŞ Bakı ilə İrəvan arasındakı fikir ayrılıqlarının həllində Ankaranın rolunu alqışlayır

  • By admin
  • 15 Dekabr 2023 16:27

ABŞ Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülhün mümkün olması ilə bağlı bəyanatları ilə razılaşır və iki tərəf arasında birbaşa danışıqları dəstəkləməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Anadolu” agentliyi müxbirinin müvafiq sualına cavabında bildirib.

“Biz xarici işlər nazirinin (Fidanın) sülhün mümkün olduğuna dair bəyanatları ilə razıyıq və buna nail olmaq üçün iki tərəf (Azərbaycan və Ermənistan) arasında birbaşa danışıqları dəstəkləyəcəyik”, – Miller deyib.

O qeyd edib ki, Vaşinqton iki tərəf arasında fikir ayrılıqlarının həllində Ankaranın konstruktiv rolunu alqışlayır.

Onun sözlərinə görə, bu fikir ayrılıqları ABŞ dövlət katibi Antoni Blinkenlə Hakan Fidan arasında danışıqların gündəmindəki mövzulardan biridir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya səfəri zamanı bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

“Biz Ermənistanla münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Biz Azərbaycanla (Ermənistan tərəfindən) sülh sazişinin imzalanması prosesinin tamamlanmasını gözləyirik”, – Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Gununsesi.info