ABŞ Çeçenistanın baş nazirinə sanksiya qoydu – Ramzan Kadırov “məzəlidir” dedi

  • By admin
  • 26 Aprel 2019 14:43

Birləşmiş Ştatlar Rusiyanın Çeçenistan Respublikasının Baş naziri Muslim Xuçiyevin bu ölkəyə girişinə qadağa qoyub.

Gununsesi.org xəbər verir ki, bu barədə elan aprelin 25-də Dövlət Departamentinin vebsaytındayerləşdirilib. Qeyd olunur ki, qadağa “xarici ölkə rəsmilərinin ciddi korrupsiyaya bulaşdığı, yaxud kobud insan haqları pozuntusuna yol verdiyinə dair etibarlı informasiya” olanda sanksiya tətbiqini nəzərdə tutan qanun çərçivəsində qoyulub. ​

“Xuçiyevin işgəncədə əli olmasıyla bağlı departamentdə etibarlı məlumat var”, – bəyanatda deyilir.

Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya da sanksiya tətbiq olunub.

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov da 2012-ci Magnitsky Aktı çərçivəsində sanksiyalar altındadır. O, Rusiyanın Interfax xəbər agentliyinə deyib ki, Xuçiyevə sanksiya qoyulması “məzəli”dir və baş nazirə təsir göstərməyəcək.

“O, Birləşmiş Ştatlara səfər etmədən yaşayıb və belə də yaşamağa davam edəcək”, – Kadırov söyləyib.

Dövlət Departamentinin bildirməsinə görə, ATƏT-in Moskva Mexanizmi bu yaxınlarda belə bir qənaətə gəlib ki, Çeçenistan hökuməti “ciddi və hazırda davam edən və cəzasız qalan insan haqları pozuntuları törədib”. Qurum Rusiya hökumətini Xuçiyev daxil olmaqla, həmin rəsmiləri məsuliyyətə cəlb etməyə çağırıb.