“ABŞ-Çin ticarət müharibəsinin genişlənməsinin heç bir tərəf, eləcə də dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd eləmir. Qarşıdurma ciddi xarakter alarsa, o zaman digər dünya ölkələri kimi Azərbaycana da bunun müəyyən dərəcədə təsirləri olacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında Mili Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Əli Məsimli ABŞ-Çin ticarət müharibəsinı şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-Çin ticarət müharibəsi özünün pik nöqtəsinə doğru gedir. “ABŞ idxal rüsumu tətbiq edəcəyi 1,3 min Çin malının adının yer aldığı siyahını dərc edəndən sonra Çin də adekvat addım atıb. ABŞ-ın siyahısanda ümumi dəyəri 100 milyard dollar olan allüminium, polad, kimya, məişət texnikası və məişət malları, dərmanlar, tibb avadanlıqları, aviamühərriklər, hərbi sənaye məhsulları və s. daxil edilib. ABŞ-ın həmin mallara 25% vergi tətbiq edəcəyi nəzərdə tutulur. Çinin cavab siyahısında isə ümumi dəyəri 50 milyard dollara çatan 128 məhsul, o cümlədən avtomobillər, təyyarələr, yüksək texnologiya məhsulları, avadanlıqlar, mühərriklər, neft-kimya məhsulları, soya və sair vardır. Çin ABŞ-ın avtomobillərinə, neft kimya sənayesi və sair məhsullara 25 faiz vergi tətbiq edir. Elə sahələr var ki, Çin bazarı ABŞ-ın həmin məhsul üzrə ixracının yarısını təşkil edir”- deyə, deputat vurğulayıb.
Millət vəkili əlavə edib ki, məsələn, ABŞ-ın Çinə ixrac etdiyi təkcə bir məhsulun – soyanın dəyəri 14 milyard dollardır: “Bu, Azərbaycanın bir illik bütün məhsullar üzrə icracınının dəyərinə yaxın bir rəqəmdir. ABŞ tərəfi bu addımı Çinin iqtisadi təcavüzünə qarşı mübarizə aparmaq, bazar ekspansiyasını dayandırmaq, intellektual mülkiyyətinin oğurlanmasının qarşını almaq və xarici ticarət balansındakı vəziyyəti yaxşılaşdırmaq məqsədilə atdığını bildirir”.
Ə. Məsimli onu da qeyd edib ki, Çinin bazar ekspansiyasını dayandırmaq həm də Trampın seçkiqabağı vədləri arasında xüsusi yer tuturdu.
“Dünya ÜDM-nin 25 faizi ABŞ-da, 15 faizi isə Çində istehsal olunur. Üst-üstə götürdükdə 30 trilyon dollar və ya dünya ÜDM-nin 40 faizi bu iki nəhəng ölkənin payına düşür. Ötən il ABŞ-Çin ticarət dövriyyəsi 15 faiz artaraq 600 milyard dollar ötüb. Müqayisə üçün qeyd edək ki, ötən il Rusiya -Çin ticarət dövriyyəsi 84 milyard dollar təşkil edib. Yəni iri ticarət partnyorluğu nöqteyi-nəzərindən Çin üçün ABŞ Rusiyadan 7 dəfə vacib ölkədir. Ona görə də ABŞ-Çin ticarət müharibəsinin genişlənməsinin heç bir tərəf, eləcə də dünya iqtisadiyatı üçün yaxşı heç nə vəd eləmir”- o, bildirib.
Deputatın fikrincə, bu qarşıdurmadan Çin bazarında böyük yer tutan ABŞ şirkətləri,eləcə də ABŞ bazarında böyük yer tutan Çin sirkətləri böyük ziyan çəkəcək: “Dünya fond birjaları təlaş içindədir. İki ölkə arasında ticarət rüsulamarı cəmi 5,5 milyard dollar təşkil edir ki, bu da onların ticarət dövriyyəsinin 1 faizinin altında olan çox kiçik bir rəqəmdir. Ona görə də hələlik tətbiq olunan məhdudiyyətlər ticarətin önəmli hissəsini əhatə etmir. Prosesin nə qədər ciddi xarakter alacağını zaman göstərəcək”.
Ə.Məsimli hesab edir ki, qarşıdurma ciddi xarakter alarsa, Çin əlində olan və trilyon dollarlarla ölçülən ABŞ qiymətli kağızları vasitəsilə manevr etmək qərarına gəlsə, bunun fəsadlarını bütün dünya iqtisadiyyatı çəkə bilər: “Çin milli valyutasını devalvasiya etsə, bunun ticarət əlaqələrində Çinin payı böyük olan bütün ölkələr, o cümlədən Azərbaycan da müəyyən dərəcədə hiss edə bilər. Başqa yöndə bu qarşıdurmanın Azərbaycana birbaşa götürdükdə elə bir təsiri olmayacaq. Çünki Azərbaycanın müqayisəli üstünlük prinsipi ilə ABŞ və Çin kimi nəhəng bazarlara böyük partiyada mal çıxarıb uduş əldə etmək istəyən üçüncü tərəf kimi çıxış edə bilməz. Yəni iqtisadi planda imkanlarımız çox məhduddur. Buna real imkan yoxdur”.
Millət vəkilinin fikrincə, qloballaşma şəraitində ABŞ və Çin iqtisadiyyatları arasında ciddi qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq var: “ABŞ və Çinin xarici ticarət balanslarında xüsusi çəkiləri müvafiq surətdə 1 və 3 faiz göstərilsə də, ABŞ marketlərində satılan malların xeyli hissəsi Çin mallarıdır. Çin bazarı Amerika mallar üçün çox nəhəng bir bazardır. Məlumdur ki, Çin malları ABŞ və Avropa mallarından xeyli ucuzdur. Bu istehlakçıların bir hissəsini təmin edir. Qarşıdurma ciddi miqyas alsa, hər iki ölkədə malların qiymətlərinin artmasına gətirib çıxaracaq. Amerika bu bazarı itirmk istəməz. Bu baxımdan ABŞ şirkətləri və istehlakçılarının maraqları əsas götürülməklə gərginliyin yaxın aylarda tam səngiyəcəyini və hər şeyin yoluna qoyulacağını zənn etmək çətin təsəvvürə gələn məsələdi. Bəlkə də ABŞ-la Çin arasında ticarət münasibətlərinin bir sıra məqamlarını yenidən, daha rasional şəkildə qurmağa ehtiyac var. Xüsusən də intellektual mülkiyyətin qorunması, Amerika bazarının keyfiyyəti aşağı olan mallardan qorumaq sahəsində iki ölkə arasında münasibətlərə aydınlıq gətirmək lazımdır. Amma iki nəhəng ölkə arasında total ticarət müharibəsi dünya iqtisadiyyatını yeni böhrana sürükləyə bilər. Ona görə də tərəflər ümumi dil tapıb hələ ki, “ticarət atışması” səviyyəsində olan qarşıdurmanın qlobal ticarət müharibəsinə çevrilməsinə imkan verməməkdən ötrü bütün resurslar səfərbər etməlidir. Yəqin belə də olacaq. Əksər ekspertlərin də bildirdikləri kimi, ABŞ və Çin ticarət müharibəsinin genişləndirilməsinə imkan verməmək üçün hər iki tərəfin kompramis axtarışına başlaması yaxın perspektivdə vəziyyətdən çıxışın, daha doğrusu gərginliyin səngidilməsinin ən optimal yoludur. ABŞ və Çin tərəfinin davranışları ticarət proteksionalizmi nümunəsi olduğundan, vəziyyəti sahmana salmaqda Dünya Ticarət Təşkilatı da pozitiv rol oynaya bilər”.
Mürtəza
Gununsesi.info